Azərbaycan-Latviya parlamentlərarası münasibətləri müzakirə olundu – FOTO

  • By admin
  • 07 Avqust 2021 20:48

Latviya Seyminin sədri İnara Murnietse Azərbaycanın bu ölkədəki sabiq səfiri Cavanşir Axundovla görüşüb.

 

Gununsesi.info  xəbər verir ki, görüşdə İnara Murnietse Latviya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

 

Azərbaycana son səfərini və Prezident İlham Əliyev, habelə Milli Məclisin sədri və digər dövlət rəsmiləri ilə səmərəli görüşlərini məmnunluqla xatırlayan İnara Murnietse ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

 

İki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən İ.Murnietse parlamentlərarası dostluq qruplarının sıx əməkdaşlıq etdiyini bildirib.

 

İnara Murnietse Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndiyini qeyd edib, “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini vurğulayıb. O ümid etdiyini bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan Saziş üzərində iş yaxın vaxtlarda başa çatacaq.

 

Həmçinin Latviyanın iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu deyən parlamentin sədri bu baxımdan Latviya və Azərbaycanın işgüzar dairələri arasında təmasların əhəmiyyətini vurğulayıb.

 

Cavanşir Axundov Azərbaycanla Latviya arasında konstruktiv dostluq əlaqələrinin qurulduğunu qeyd edib, ölkələrimiz arasında imzalanmış razılaşmaların, yüksəksəviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

 

Vətən müharibəsi dövründə Latviya tərəfinin ölkəmizin haqq səsinə, ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirən C.Axundov bunun ikitərəfli əlaqələrimizin yüksək səviyyəsindən xəbər verdiyini bir daha qeyd edib.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gedən böyük bərpa-quruculuq işləri, nəqliyyat və infrastruktur layihələri barədə həmsöhbətinə məlumat verən Cavanşir Axundov bu yaxınlarda Latviyanın parlament nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri zamanı erməni vandalizminin canlı şahidi olduğunu, törədilmiş dağıntılar barədə Latviya və dünya ictimaiyyətini məlumatlandırdığını diqqətə çatdırıb.

 

Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Gununsesi.info