Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumu keçirildi -Fotolar

  • By admin
  • 16 Dekabr 2021 13:50

Bakıda Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən sayta verilən məlumata görə, forumda hər iki ölkədən aidiyyəti qurumların nümayəndələri, kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin rəhbərləri iştirak ediblər.

Biznes forumun açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışıb, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında mühüm rola malik olduğunu qeyd edib, aqrar sahənin inkişafının ölkəmizdə prioritet olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanda kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Macarıstanın aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.

Biznes forumda çıxış edən Macarıstan kənd təsərrüfatı naziri İstvan Nagy Azərbycanla əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etdiyini deyən nazir xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının mövcud olduğunu bildirib.

Daha sonra biznes forumda Azərbaycan və Macarıstan kənd təsərrüfatı potensialına həsr olunmuş təqdimatlar keçirilib.

Tədbirin açılış mərasimindən sonra Azərbaycan və Macarıstan kənd təsərrüfatı nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü keçirilib.

Forum işini panel sessiyalarda davam etdirib.

Gununsesi.info