Azərbaycan-NATO əməkdaşlığı: Ölkəmiz önəmli rola malikdir

  • By admin
  • 04 May 2021 17:49

4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşuldu. Ötən 27 il ərzində Azərbaycanın NATO ilə əməkdaşlığı mütərəqqi yol keçdi.

ABŞ Dövlət katibi bu yaxınlarda Prezident İlham Əliyevlə telefon söhbətində Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirdi.

Ekspertlər də hesab edir ki, Azərbaycan NATO standartları səviyyəsində müasir və güclü orduya malikdir.

Azərbaycan Ordusu regionda sabitlik və sülhün möhkəmlənməsinə xidmət edir. Bütün bunlar Azərbaycan-NATO münasibətlərinə nə kimi töhfələr verə bilər?

Milli Məclisin deputatı Rasim Musabəyov söyləyib ki, Azərbaycan NATO-da ikinci orduya sahib olan Türkiyə ilə sıx hərbi əməkdaşlığa xüsusi üstünlük verir:

“Yəni, Azərbaycan Türkiyə ilə əməkdaşlıq nəticəsində real olaraq ordunun NATO standartlarına yaxınlaşması istiqamətində daha irəli gedib. Hətta Gürcüstan, Ukrayna, Moldova ilə müqayisədə bizim ordumuzun bu istiqamətdə nəticələri daha yüksəkdir. Həmin dövlətlər isə NATO-ya üzv olmaq iddiasındadırlar. Biz həm ordunu, həm də bütün rabitə sistemini NATO-nun standartlarına uyğun şəkildə qurmuşuq. Hava hücumundan müdafiə sistemlərimiz də NATO standartlarına xeyli yaxınlaşıb. Bu baxımdan Azərbaycan təbii olaraq ABŞ üçün əhəmiyyətli tərəfdaşa çevrilir. Baxın, ermənipərəst qüvvələr həm Konqresdə, həm də Dövlət Departamentində çoxluq təşkil edirdilər və onlar bir sıra hallardan narazı idilər. Türkiyənin və Azərbaycanın müstəqil siyasət yürütdüyünə, Ermənistanı 44 günlük müharibədə yerinə oturtduğumuza görə narazı idilər. Bütün bunlara baxmayaraq, onlar nəzərə aldılar ki, ABŞ-ın təhlükəsizliyi məsələsində Azərbaycan önəmli rola malikdir. Yəni, Amerikanın təhlükəsizliklə bağlı maraqları bilavasitə Azərbaycana bağlıdır”.

Deputat bildirib ki, ABŞ “907-ci düzəliş”i yenə də dondurdu:

“Azərbaycana ayrılan hərbi yardımları davam etdirməyə qərar verdilər. Müqayisə üçün deyim ki, 2 il müddətinə Azərbaycana 200 milyon dollarlıq hərbi yardım nəzərdə tutulmuşdu. Onun bir ili tamamlanıb. 2021-ci ildə də bu yardımlar davam edəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan bölgədə ABŞ-ın təhlükəsizlik planları üçün xeyli əhəmiyyət kəsb edən bir tərəfdaşdır. Düşünürəm ki, Azərbaycan bu xətti davam etdirəcək. Bu gün Azərbaycanın NATO-ya üzvlük məsələsi gündəmdə deyil. Çünki bu məsələ qonşu İranla Rusiyanı Azərbaycana qarşı qaldıra bilər. Ancaq öz ordusunu NATO standartlarına uyğunlaşdırma işini davam etdirəcək. Azərbaycan bundan sonra da NATO ilə əməkdaşlıqda maraqlı olacaq. Birinci növbədə bu, qardaş Türkiyə olacaq. Eyni zamanda, ABŞ-la da əməkdaşlığımızın davam edəcəyini düşünürəm”.

Gununsesi.info