“Azərbaycan nümayəndə heyətinin AŞ PA-ya qayıtmasından şad olarıq, amma… - FRANK ŞVABE/ÖZƏL

  • By admin
  • 17 Aprel 2024 09:07

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının təsdiqlənməməsinin 4 ayı tamam olur.

Artıq qurumun 2024-cü il üçün ikinci sessiyasıdır ki, Azərbaycan nümayəndə heyəti orada  yoxdur.

Ötən müddət ərzində rəsmi Bakı yaranmış gərginliyə görə  Avropa Şurasını ittiham edib. 

AŞ PA-da Azərbaycan hökumətinin əsas tənqidçilərindən biri olan almaniyalı deputat Frank Şvabe Gununsesi.info-ya müsahibə verib.

Avropa Şurasının  dəyərlər və qaydalar təşkilatı olduğunu vurğulayan Şvabe deyib ki, əgər siz qaydalara sadiqsinizsə və əməl edirsinizsə problem yoxdur: “ Ölkə əməkdaşlıq etmək istəmir və bizdə təəssüf ki, belə bir vəziyyət yaranıb, məruzəçiləri ölkəyə buraxmadılar, seçki müşahidə missiyası bu qurumdan göndərilə bilmədi. Deməli, nəticələr pisdir, bu arada heç nə yaxşılığa doğru getmir, əksinə daha da pisləşir, Toplum TV-yə və başqalarına hücumlar oldu və onları bağladılar. Nəticədə getdikcə daha çox siyasi məhbus var. Şübhəsiz ki, şərtlərimiz çox aydındır. Hökumət orqanları bu təşkilatın prosedur və qaydalarını qəbul edəcəklərini çox açıq şəkildə bildirməlidirlər. İndi isə heç nə deyə bilmərəm, əgər belə etsələr, biz onları yenidən qarşılamağa çox şadıq, əks halda çox çətin olacaq.
Bu ilki iqlim dəyişikliyi konfransına qədər bizim çox çətin vəziyyətimiz var və biz dünyanın diqqətinin Bakıya yönəldiyini görəcəyik. Bilmirəm ki, bu, hökumətin xoşuna gələcək, ya yox, amma biz insan haqları, demokratiya və qanunun aliliyi məsələlərini müzakirə edəcəyik. Yenə demək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti yenidən bizimlə olmaq istəyirsə, bizimlə əməkdaşlıq etməli və bizə qarşı yox, bizimlə işləmək istədiklərini göstərməlidirlər”.

 

Pərviz Həşimli

Gununsesi.info