İşğal olunmuş Azərbaycan torpaqlarında keçirmək istədikləri “referendum” ermənilərin növbəti avantürası və təlxəyliyidir.
Bunu Gununsesi.info-ya açıqlamasında Xocalının millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin üzvü ElmanMəmmədov deyib.
Onun sözlərinə görə, bu separatçı rejim heç bir beynəxlaq təşkilat və dövlət tərəfindən tanınmadığından, onların bu hərəkətləri də qeyri-qanunidir:
“Bu gün bu ərazilər işğal altında olduğundan Azərbaycan ancaq beynəlxalq təşkilatlar və ya bu münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minks qrupu vasitəsi ilə onlara təsir edə bilər. Təəssüf ki, adıçəkilən bu təşkilatlar da baş verən proseslərə seyrçi mövqe nümayiş etdirir, Ermənistanın və cinayətkar qurumun cinayət xarakterli hərəkətlərinə dəstək verir, onları himayə edir”.
Millət vəkili əlavə edib ki, dünyanın ən böyük və nüfuzlu təşkilatı, ancaq reallıqda heç bir nüfuza malik olmayan BMT belə özünün 24 il bundan öncə münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasını həyata keçirmir və ya bunu icra etmək istəmir.
“Digər təşkilatlar da onun günündədir. Bunlar sanki işğalçı dövləti himayə edir, onun işğalçı hərəkətlərinə haqq qazandırırlar. Hərbi canilərin hakimiyyətini müdafiə edirlər. Belə olan halda Azərbaycan nə etməlidir ki?! Yəni, Azərbaycan o qədər sadəlövh olmalıdır ki, bu beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həllinə inansın?!
Azərbaycanın torpaqları sülh və danışıqlar yolu ilə işğaldan azad olsun?! Bu, heç vaxt olmayacaq!
Yeganə ümid Azərbaycan özünə və gücünə qalıb.
Azərbyacan öz hərbi gücündən istifadə edib torpaqlarını işğaldan azad etməlidir. Başqa yol yoxdur. Güc yolu ilə separatçı rejimi məhv etməlidir”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info