Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız bu günün reallığı deyil. İki xalq arasında tarixi, mədəni, dini və ortaq keçmişə əsaslanan köklü əlaqələr mövcuddur. Bu münasibətlər xüsusilə Sovet dövründən etibarən daha da formalaşıb. SSRİ tərkibindəki 15 respublika arasında Azərbaycan və Özbəkistan bir-birinə yaxın münasibətləri ilə seçilib.
Gununsesi.info-nun xəbərinə görə, politoloq Turan Rzayev bildirib ki, bu yaxınlığın inkişafında Ümummilli Lider Heydər Əliyevin Özbəkistanla münasibətlərin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti xüsusi əhəmiyyət daşıyıb.
Onun sözlərinə görə, Heydər Əliyevin Özbəkistana səfəri və səfərdən sonra formalaşan əlaqələr bu gün də uğurla davam etdirilir.
Politoloq qeyd edib ki, 2020-ci ildən sonra Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə daxil olub və əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
2024-cü ildə iki ölkə arasında müttəfiqlik sazişinin imzalanması isə əlaqələrin daha yüksək səviyyəyə çatdığını göstərib.
Turan Rzayevin fikrincə, son dövrdə imzalanan yeni sənədlər Azərbaycan və Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.
O vurğulayıb ki, Mərkəzi Asiya və Cənubi Qafqaz coğrafi baxımdan ayrı regionlar kimi görünsə də, həyata keçirilən layihələr və qarşılıqlı əməkdaşlıq nəticəsində bu iki məkan getdikcə daha sıx inteqrasiya olunur.
“Azərbaycan Özbəkistan üçün Avropaya açılan qapı, Özbəkistan isə Azərbaycanın Mərkəzi Asiya siyasətində mühüm tərəfdaşdır”, – deyə politoloq bildirib.
Rzayev hesab edir ki, Azərbaycan-Özbəkistan yaxınlaşması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni siyasi-iqtisadi oxun formalaşmasına zəmin yaradır.
Onun sözlərinə görə, hərbi, siyasi və diplomatik sahələrdə həyata keçirilən çoxsaylı layihələr bu əməkdaşlığın kompleks xarakter daşıdığını göstərir.
Politoloq münasibətlərin gələcəkdə də inkişaf edəcəyini düşünür.
Onun fikrincə, yeni müqavilə və sazişlər yalnız cari əməkdaşlığı deyil, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsini də təmin edən mühüm hüquqi-siyasi baza rolunu oynayacaq.

Orxan











