Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli film layihəsi reallaşa bilər

  • By admin
  • 08 Dekabr 2022 13:18

Mədəniyyət naziri Anar Kərimov dekabrın 7-də ölkəmizdə səfərdə olan Özbəkistan kino nümayəndələrindən ibarət heyəti qəbul edib.

Nazirlikdən verilən xəbərə görə, qonaqları səmimi salamlayan nazir iki qardaş ölkə arasındakı mədəni və dostluq əlaqələrindən söz açıb.

Bildirib ki, son illərdə türk dövlətləri ölkə rəhbərləri səviyyəsində bir-biri ilə daha sıx əlaqələr qurur. Bu da dərinləşən əməkdaşlığa, xalqlarımızın daha da yaxınlaşmasına öz töhfəsini verir. Nazir deyib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi böyük məmnunluq doğurur. Gerçəkləşən birgə tədbirlər, incəsənət ustalarının səfərləri bunun bariz nümunəsidir.

Nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Kino Agentliyinin direktoru Firdavs Abdulxaliqov səmimi qəbula görə Anar Kərimova təşəkkür edib. O, Azərbaycan Dövlət Film Fondu ilə tanış olduqlarını və burada çoxsaylı özbək filmlərinin də qorunmasından məmnunluqlarını bildirib.

F.Abdulxaliqov iki ölkə arasında kino sahəsində təcrübə mübadiləsi və Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli film layihəsinin reallaşmasının mümkünlüyünü vurğulayıb.

Anar Kərimov III Dədə Qorqud Türk Dünyası Film Festivalının 2023-cü ildə Şuşada keçiriləcəyini diqqətə çatdırıb, Özbəkistanın da bu festivala qatılmasından məmnun olacaqlarını bildirib.

Söhbət zamanı Daşkənd Film Festivalında Azərbaycan kino xadimlərinin iştirakı, eləcə də gənc kinematoqrafçılar arasında əlaqələrin qurulmasından söz açılıb.

Görüşdə özbək və Azərbaycan ədəbiyyatı, mədəniyyəti mövzusunda müzakirə aparılıb, hər iki xalqın tanınmış yaradıcı şəxsiyyətlərinin, ortaq dəyərlərinin birgə təbliği ilə bağlı layihələrin reallaşdırmasının əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, nümayəndə heyəti 7-10 dekabr tarixlərində Bakıda keçirilən Özbəkistan kinosu günləri ilə bağlı ölkəmizə gəlib.

Gununsesi.info