“Azərbaycan Rusiyadan bərabərhüquqlu tərəfdaşlıq gözləyir” -DEPUTAT

“Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması və yumşalması prosesi gedir. Son günlər bu istiqamətdə mühüm siqnallar müşahidə olunur. Rusiya Prezidenti Vladimir Putin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Tatarıstanın başçısı Rüstəm Minnexanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik ünvanlayıblar. Bu, ikitərəfli münasibətlərdə müsbət tendensiyaların göstəricisidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib:

“Mənim mövqeyim hər zaman aydın olub: Rusiya ilə münasibətlərdə heç vaxt qırmızı xətti keçməmişəm. Çünki düşmənçilik, müharibə heç bir dövlətə fayda gətirmir. Azərbaycan yalnız haqlı tələblərini irəli sürüb – AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini. Bu məsələdə prinsipial mövqedən geri çəkilməmişik”.

Deputat qeyd edib ki, Azərbaycan Rusiyadan bərabərhüquqlu tərəfdaşlıq münasibəti gözləyir:

“Prezident İlham Əliyevin mövqeyi də məhz bundan ibarətdir. Bu gün həm iqtidar, həm də müxalifət nümayəndələri bu məsələdə dövlətin yanında dayanıb. Rusiya da artıq Azərbaycanı güclü, müstəqil və regionda yeni siyasi reallıqlar yaradan dövlət kimi qəbul etməyə başlayıb”.

 

 

Şəbnəm

Gununsesi.info