Azərbaycan, Türkiyə və Gürcüstan birgə sənəd imzaladı

Azərbaycan, Gürcüstan və Türkiyə Respublikası arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş imzalanıb.

Gununsesi.info  xəbər verir ki, sənədin imzalanması mərasimi bu gün Bakıda baş tutub.

Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov, Türkiyə hökuməti adından bu ölkənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan hökuməti adından bu ölkənin Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıb.

Sənədin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.

Gununsesi.info