Azərbaycan Ukraynaya 1,5 milyon manatlıq elektrik avadanlığından ibarət humanitar yardım göndərib

  • By admin
  • 12 Dekabr 2022 09:09

Azərbaycan Ukraynada hərbi əməliyyatlar zamanı ziyan dəymiş ərazilərin stabil elektrik təchizatının bərpası üçün Ukraynaya 45 güc transformatoru və 50 generatordan ibarət  humanitar göndərib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin ayırdığı bu humanitar yardımın ilk hissəsi dekabrın 10-da Qobu Enerji Qovşağının ərazisindən avtomobil karvanı ilə yola salınıb.

Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Ukraynadakı böhranla əlaqədar Azərbaycanın bu ölkəyə göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata  (18 milyon dollara yaxın)  çatır.

Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib.

Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş 90-a yaxın uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

Bundan əlavə, İrpendə hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb bərpa edilib,  Azərbaycan Xarici İşlər Nazirliyi qeyd  edir.

Gununsesi.info