Azərbaycan və Ermənistan Putindən qurtulmaq üçün birgə qərar verməlidir

  • By admin
  • 29 Oktyabr 2022 13:11

Oktybarın 31-də Putinin tələbi ilə keçiriləcək üçtərəfli görüş sülh danışıqlarını mürəkkəbləşdirməyə və dalana soxmağa yönəlib.

Moskva bütün vasitələri işə salıb ki, Qərb Azərbaycanla Ermənistan arasında sülhə nail olmasın. Münaqişə hazırki vəziyyətdə qalsın və hazırda Qarabağın nəzarət etdiyi hissəsində öz hakimiyyətini möhkəmləndirsin. Putin bu barədə Valdayda əsas planlarını açıqlayıb.

Rusiya Paşinyan hökumətinə qarşı təzyiq rıçaqlarını işə salıb. Bu dəfə daha çox iqtisadi alətlərə üstünlük verəcək, “Qazprom” artıq 1.4 milyardlıq qaz borcu fakturasını İrəvana təqdim edib. Sabah başqa sahələr üzrə təzyiqləri görəcəyik. Ermənistanın keçmiş iqtidarları – Koçaryan-Sarkisyan cütlü İrəvanı möhkəm iplərlə Kreml divarlarına bağlayıblar, onları qırmaq çətindir.

Putin Azərbaycana qarşı da eyni metodlarla təzyiqlərə başlaya bilər. Artıq bir həftədir, Rusiya sərhədində Azərbaycan yük maşınlarının kilometrlərlə uzanan tıxacı yaranıb.

Məncə, Rusiya boyundurğundan qurtulmaq üçün Azərbaycan və Ermənistan birgə qərarlar verməlidirlər. Artıq məlumdur, imperalist Rusiya bölgəyə münaqişədən, ölüm-itimdən, yoxsulluqdan, ədalətsizlikdən başqa heç nə vermir. Kremlə müttəfiqlər yox, vassallar lazımdır. Ki, lazım olanda onları da öz çirkin niyyətlərinə alət eləsin!

Ukraynda onminlərlə insanın ölümünə səbəb olan işğalçı Rusiya dünyada izqoy dövlətə çevrilib, sabah bu ölkəni dəhşətli siyasi, iqtisadi problemlər gözləyir. Sivil dünya ağır məhrumiyyətlər hesabına olsa da Rusiyanı kəsib atıb. Azərbaycan və Ermənistan da hər cür çətinliyi gözardı edib işğalçı ölkənin vasitəçiliyindən imtina etməlidirlər. Ukraynalıları kütləvi şəkildə məhv etməyə qərarlı olan bir işğalçının sülhdən, ədalətdən danışmağa heç bir haqqı yoxdur.

Oktyabrın 31-də Soçidə bu reallığı birbaşa Putinin boz bulanlıq gözlərinin içinə baxıb, qırmızı sifətinə birbaşa demək və bununla Rusiyanın vasitəçilik söhbətini birdəfəlik bağlamaq lazımdır.

Elçin

Gununsesi.info