Azərbaycan və İran XİN başçıları telefonla danışıb

  • By admin
  • 15 Oktyabr 2020 21:13

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, C.Bayramov bölgədəki son vəziyyətlə bağlı iranlı həmkarını məlumatlandırıb.

O qeyd edib ki, Moskva görüşündə əldə edilmiş humanitar atəşkəs razılığına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması davam etdirilir.

Nazir vurğulayıb ki, Gəncəyə edilmiş raket hücumları da daxil olmaqla, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü hücumlar dinc əhali arasında ciddi itkilərə səbəb olub.

C.Bayramov bu gün səhər Azərbaycanın Tərtər bölgəsinin yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd edib.

Nazir Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayətlərinə görə tam məsuliyyət daşıdığını vurğulayıb.

Məhəmməd Cavad Zərif bölgədə gərginliyin artması və mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib. O, qonşu dövlət İranın bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

 

 

Gununsesi.info