Azərbaycan və İsrail Tehrana qarşı vahid cəbhə yaradıb - İRAN XİN

  • By admin
  • 31 Mart 2023 19:21

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin xarici işlər naziri Eli Kohen və azərbaycanlı həmkarı Ceyhun Bayramovun birgə bəyanatını anti-İran anlaşması və Tehrana qarşı vahid cəbhə kimi qiymətləndirib.

“Sionist rejimin xarici işlər nazirinin vahid anti-İran cəbhəsinin yaradılması ilə bağlı təklifi, eləcə də Azərbaycan xarici işlər nazirinin “Azərbaycan və sionist rejim arasında strateji tərəfdaşlığın yeni mərhələsi” adlı bəyanatı anti-İran yönümlülüyün üstüörtülü təsdiqidir. Ona görə də Azərbaycan hakimiyyətindən izahat tələb edirik”, – İran XİN-in açıqlamasında qeyd olunur.

Kənani bildirib ki, İsrailin xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə imzaladığı birgə bəyanat “İrana qarşı birləşmiş cəbhə”, həmçinin Azərbaycan ərazisini dəyişdirmək kimi mənfur niyyətləri ifadə edən növbəti sənəddir.

O, bunu İranın milli təhlükəsizliyinə təhdid sayıb və qəti şəkildə pisləyib.
Kənani İran və Azərbaycan xalqları arasında qırılmaz tarixi və dini əlaqələrin olduğunu da qeyd edib.

O əlavə edib ki, İran İslam Respublikası hər zaman bədxahların xalqlar arasında məsafə yaratmaq cəhdlərinin qarşısını almağa çalışıb.

“İki qonşu ölkə və Azərbaycan hökumətinin də düşmənlərin qurduğu tələdən yayınması gözlənilir. İki ölkə arasında əlaqələr genişlənib. Aydındır ki, İran İslam Respublikası sionist rejimin Azərbaycan ərazisindən ona qarşı sui-qəsdinə biganə qala bilməz”, – deyə XİN rəsmisi qeyd edib.

Şəbnəm
Gununsesi.info