Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə yüksək səviyyəli danışıqların yekunlarına əsasən pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Gununsesi.info xəbər verir ki, sənəd Azərbaycan və Özbəkistanda əmək fəaliyyəti ilə məşğul olmuş hər iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin edilməsinə yönəlib.
Sazişin əsas müddəaları
Sənədə əsasən, iki ölkədə qazanılmış əmək stajının nəzərə alınması təmin ediləcək. Hər bir dövlət öz ərazisində əldə edilmiş əmək stajına və milli qanunvericiliyinə uyğun olaraq pensiya təyin edəcək və onun məbləğini hesablayacaq.
Pensiya hüququnun müəyyənləşdirilməsi zamanı əmək stajlarının birləşdirilməsi
Əgər vətəndaşın bir ölkədə qazandığı əmək stajı pensiya almaq hüququnun yaranması üçün kifayət etmirsə, digər ölkədə əldə edilmiş müvafiq staj da nəzərə alına bilər. Bu halda hər bir dövlət pensiyanın məbləğini öz ərazisində qazanılmış əmək stajına əsasən müəyyən edəcək.
Başqa ölkəyə köçdükdə pensiya hüququnun qorunması
Təyin edilmiş pensiya vətəndaşın digər tərəfin və ya üçüncü dövlətin ərazisində yaşaması səbəbindən azaldılmayacaq, dayandırılmayacaq və ləğv edilməyəcək. Vətəndaşın müraciəti əsasında pensiya onu təyin edən dövlətin ərazisində ödənilə və ya digər dövlətin ərazisinə köçürülə bilər.
Vətəndaşların müraciət qaydası sadələşdiriləcək
Pensiyanın təyin edilməsi, yenidən hesablanması, ödənilməsi və ya yenidən nəzərdən keçirilməsi ilə bağlı müraciət tərəflərdən birinin müvafiq qurumuna təqdim edilə bilər. Sazişdə nəzərdə tutulan hallarda həmin müraciət digər dövlətə də edilmiş hesab olunacaq. Lazımi məlumat və sənədlər iki ölkənin səlahiyyətli qurumları arasında göndəriləcək.
Pensiya qurumları arasında birbaşa əməkdaşlıq qurulacaq
Azərbaycan və Özbəkistanın səlahiyyətli qurumları və müvafiq təşkilatları pensiyaların təyin edilməsi və ödənilməsi ilə bağlı məsələlər üzrə birbaşa məlumat mübadiləsi aparacaq və qarşılıqlı yardım göstərəcəklər. Bunun vətəndaşlar üçün inzibati prosedurların sadələşdirilməsinə və pensiya məsələlərinin daha çevik həllinə imkan verəcəyi gözlənilir.
Saziş müvafiq prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək. Onun tətbiqi ilə bağlı təşkilati və texniki qaydalar tərəflər arasında ayrıca inzibati saziş əsasında müəyyən ediləcək.
Yeni sənəd Azərbaycan və Özbəkistanda çalışmış vətəndaşların pensiya hüquqlarının qorunması üçün hüquqi mexanizmlər müəyyənləşdirir. Saziş çərçivəsində iki ölkədə əldə edilmiş əmək stajının pensiya hüququnun müəyyənləşdirilməsi zamanı nəzərə alınması təmin olunur. Eyni zamanda, hər bir dövlət öz ərazisində qazanılmış əmək stajına uyğun pensiya hüquqları üzrə öhdəliklərini yerinə yetirəcək.
Saziş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək fəaliyyəti nəticəsində əldə etdikləri pensiya hüquqlarının dövlət sərhədlərindən asılı olmayaraq qorunması və Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Şəbnəm







