Azərbaycan xalqı bu günləri görməyi arzulayıb - Deputat

  • By admin
  • 21 Mart 2022 11:42

“Çox sevincli anlar yaşayırıq, 30 il işğalda olan torpaqları azad etmişik. Artıq ikinci ildir Novruz bayramını azad olunmuş torpaqlarda, Qarabağda qeyd edirik. Keçən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada, bu il isə Suqovuşanda bayram tonqalını qaladı. Möhtəşəm anlara şahidlik edirik”. 

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, 30 il Azərbaycan xalqı bu günləri görməyi arzulayıb: “Hər Novruz və başqa milli bayramda arzulayırdıq ki, bayramı o torpaqlara qayıdaq. Şuşada bayrağımızı dalğalandıraq. Artıq arzularımıza çatdığımız gündür. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş torpaqlara gedişi həmin yerlərə yeni ruh verir. Hər səfər çərçivəsində çoxlu sayda infrastruktur layihələrinin təməli qoyulur. Bu da onu deməyə imkan verir ki, tezliklə biz qaçqın və məcburi köçkünlərimizi həmin ərazilərə qaytaracağıq. Düşünürəm ki, 30 il məcburi köçkünlük həyatı yaşamış insanlar elə müasir yerdə yaşamaqla o günlərin əzab-əziyyətlərinin əvəzini çıxacaqlar”.Azər Badamov qeyd edib ki, Azərbaycan artıq 30 il bundan əvvəlki ölkə deyil. Deputatın sözlərinə görə, Azərbaycanın indiki gücü həm torpaqlarını müdafiə etməyə yetər, həm də hər hansı xarici müdaxilə baş verərsə, cavabını verməyə hazırdır:

“Bütün bunlarla yanaşı, ölkəmizin iqtisadiyyatının sabit olmasıdır ki, həm torpaqları azad etdik, həm də orada bərpa işləri aparırıq. Azərbaycan öz dinamik inkişafını qoruyub saxlayır”.

Gununsesi.info