Azərbaycan xalqı öz ordusuna güvənir – Məlahət İbrahimqızı

  • By admin
  • 04 Avqust 2021 13:43

Azərbaycan Ordusu Ermənistan tərəfinin törətdiyi təxribatlara layiqli cavab verir. Prezident İlham Əliyevin dediyi kimi, dəmir yumruq yerindədir.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili qeyd edib ki, Ermənistan əgər sülh şəraitində yaşamaq istəyirsə, daxilində olan revanşist qüvvələrin qarşısını almalıdır: “Prezident İlham Əliyev bu məsələyə öz çıxışlarında toxunub. Azərbaycan Ordusu ermənilərin hər təxribatının qarşısını alır. İndiyə qədər hakimiyyətə gəlmiş şəxslər Ermənistan dövlətini öz əməllərində bir alət kimi istifadə edib. Nikol Paşinyan yaxşı bilir ki, hakimiyyətdə qalmaq istəyirsə, daxildə təmizlik aparmalıdır. Çünki seçkiqabağı kampaniyalar gedən müddətdə bütün qüvvələrin ona qarşı birləşdiyini gördü. Əgər Ermənistan hükuməti revanşist qüvvələrin qarşısını almasa, onlar üçün heç də yaxşı olmayacaq. Ermənilər Azərbaycan xalqının və ordusunun gücünü çox yaxşı bilir. Rusiya hökumətinin üzərinə 10 noyabr sazişindən sonra böyük öhdəlik düşür. Rusiyanın daxilində də revanşist qüvvələrə dəstək verən şəxslər var”.

M.İbrahimqızı vurğulayıb ki, Rusiyada olan bəzi şəxslər Azərbaycanla Rusiya arasında olan münasibətlərə zərər vurmaq istəyirlər: “Həmin insanlar Azərbaycanla Rusiya arasında olan əməkdaşlığı istəməyən və erməni lobbisi tərəfindən dəstəklənən şəxslərdir. Həmin erməni lobbisi Azərbaycanın torpaqlarını işğal edərək oranın sərvətlərini mənimsəmişdi. İndi isə Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edib və erməni quldurlarını torpaqlarımızdan çıxarıb.

Nikol Paşinyan və onun hökuməti başa düşməlidir ki, onların qurtuluşu Azərbaycan və Türkiyə ilə normal münasibət yaratmaqdan keçir. Yaxın zamanlarda sərhədlərimizin demarkasiya və delimitasiya işləri yekunlaşacaq. Azərbaycan üçün ən əhəmiyyətli məsələlərdən biri Qarabağın dirçəlməsi və Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan xalqı öz ordusuna güvənir. Azərbaycanın bütün təxribatlara cavab verəcək gücü var”.

Gununsesi.info