Azərbaycanda əhalinin 54 faizi peyvənd olunub

  • By admin
  • 18 Yanvar 2022 09:38

Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənmə prosesinin başlanmasından 1 il ötür.

Gununsesi.info xəbər verir ki, 2019-cu ilin noyabrında ilk dəfə Çində aşkarlanan “Sars COV-2” virusu sürətlə bütün dünyaya yayıldı. Bu müddət ərzində virusun bir neçə yeni növünə yoluxma halları qeydə alınıb. Hazırda isə koronavirusun yeni mutasiyası, “Omicron” dünyada geniş yayılır və artıq bu variantın ölüm halları artır.

Koronavirusa Azərbaycanda ilk yoluxma halı 2020-ci ilin fevralın 26-da qeydə alınıb.Peyvəndlənmə prosesinə ilk qoşulan ölkələrdən olan Azərbaycana Çin Xalq Respublikası arasında bağlanan müqaviləyə əsasən, 4 milyon doza “Coronavac” peyvəndi gətirildi. Azərbaycanda 2021-ci ilin yanvarın 18-də “Coronavac” peyvəndinin tətbiqinə başlanıldı. Ötən ilin may ayından “Vaxzevria” (“Astrazeneca”), “Sputnik V”, iyun ayından isə “Pfizer” peyvəndlərinin istifadəsinə icazə verildi.

Hazırda ölkədə 4 vaksinin seçiminə icazə verilir. Bundan əlavə, Azərbaycanda Türkiyə istehsalı olan inaktiv “Turkovac” vaksininin 3-cü faza klinik sınaqları həyata keçiriləcək.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11872089, birinci mərhələ üzrə ümumi say 5200330, ikinci mərhələ üzrə 4714478, “buster” doza üzrə peyvənd olunanların sayı isə 1757281 nəfər təşkil edir.

Qeyd edək ki, peyvəndlənmə prosesini sürətləndirmək, həmçinin növbəlilik prinsipini qorumaq üçün poliklinika, xəstəxanalarda xüsusi peyvənd məntəqələri, həmçinin //randevu.its.gov.az/ onlayn növbə sistemi yaradıldı. Vətəndaşlar sayta daxil olaraq istədikləri məntəqədə tarixi və saatı seçərək peyvənd oluna bilərlər. Son məlumatlara əsasən, əhalinin 54 faizi peyvənd olunub.

Gununsesi.info