Azərbaycanda 1,5 milyondan çox yeni iş yeri açılıb

  • By admin
  • 21 İyun 2016 14:30

sahin

 

Azərbaycanda1,5 milyondan çox yeni iş yeri açılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumta görə, 2004-cü ildən indiyədək 73 mindən çox yeni müəssisə fəaliyyətə başlayıb. Məlumatda bildirilir ki, bu haqda iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşündə deyib. Nazir Şahin Mustafayev professor Məhəmməd Yunusun dünya miqyasında sülhün və davamlı tərəqqinin təbliği, mikromaliyyənin və sosial biznesin inkişafı sahəsində xidmətlərinin Azərbaycanda da yüksək dəyərləndirildiyini vurğulayaraq, onun təcrübəsindən ölkəmizdə də istifadə edilməsinin müsbət nəticələr verə biləcəyini qeyd edib. Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər və iqtisadiyyatın davamlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verərək, ölkəmizdə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə genişmiqyaslı islahatların həyata keçirildiyini, əlverişli investisiya və biznes mühitinin yaradıldığını, sahibkarlığın dəstəkləndiyini vurğulayıb. Professor Məhəmməd Yunusun sosial biznes sahəsində uzun müddət tədqiqat apardığı nəzərə alaraq, bu sahədə ölkəmizdə görülən işlər barədə məlumat verilib və vurğulanıb ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasını da məhz əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması təşkil edir. Qeyd edilib ki, yoxsulluğun azaldılması sahəsində dövlət proqramları uğurla icra olunub. Görülən işlərin nəticəsi olaraq, ölkəmizdə yoxsulluq səviyyəsi 4,9 faizə, işsizlik səviyyəsi 5 faizədək enib. Azərbaycanda 2004-cü ildən indiyədək 73 mindən çox yeni müəssisə fəaliyyətə başlayıb, 1,5 milyondan çox yeni iş yeri açılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əhalinin həssas qruplarına, xüsusilə qaçqın və məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilir, bu layihələr hesabına yeni iş yerləri yaradılır, ölkənin regionlarında biznes inkubatorlar təşkil olunaraq yeni biznesə başlayanlara zəruri bilik və bacarıqlar öyrədilir. Hazırda mikromaliyyələşmənin uğurlu metodu kimi kredit ittifaqlarının prosesə cəlb olunması, onlar vasitəsilə kiçik biznesin daha asan şəkildə kreditləşməsi həyata keçirilir. Belə ki, son illər ərzində 32 kredit ittifaqı vasitəsilə 5 mindən çox kiçik sahibkara kredit verilməsi təmin olunub. Azərbaycana səfərinin onda böyük təəssürat yaratdığını qeyd edən professor Məhəmməd Yunus ölkəmizdə aparılan işlərə dəstək verməyə, sosial biznes və mikromaliyyələşmə sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. Məhəmməd Yunus təsisçisi olduğu “Qremin Bank”ı, bankın kreditləşdirmə sistemi və qazandığı uğurlar barədə məlumat verib, iqtisadiyyat nazirinə Azərbaycan dilinə yenicə tərcümə olunmuş “Kasıbların bankiri” kitabını təqdim edib.

Gülnaz Qənbərli