Azərbaycanda bütün məzunlar tələbə olmalıdır -ŞOK TƏKLİF

  • By admin
  • 17 Avqust 2022 12:26

“Azərbaycanda orta məktəbi bitirən hər kəs ali məktəblərə qəbul edilməlidir. Məncə, qəbul imtahanları indiki ilə müqayisədə həddindən artıq asan olmalıdır”.

Bunu Modern.az-a açıqlamasında təhsil üzrə mütəxəssis, professor Şahlar Əsgərov deyib.

Onun sözlərinə görə, universitetlər giriş qapılarını geniş açmalı, gənclərin tələbə olmaları üçün şərait yaradılmalıdır:

“Ali məktəblər giriş qapılarını geniş açmalı, çıxış imkanlarını məhdudlaşdırmalıdır. Ümumilikdə götürəndə universitetə qəbul olan hər 100 tələbənin heç də hamısı eyni vaxtda məzun olmalı deyil. Məsələn, biri 5, digəri 6 ilə bitirməlidir. Yəni ali məktəb diplom məsələsində həddindən artıq punktual olmalıdır. Tələbə biletini almaq çox asan, dövlətin diplomunu əldə etmək isə çox çətin olmalıdır. O qədər çətin olmalıdır ki, bizim ixtisasçılara hər yerdə iş təklif olunsun. Azərbaycanın bugünkü mövcud iqtisadi, siyasi durumu buna imkan verir”.

Ş.Əsgərovun fikrincə, Azərbaycanda əksər hallarda gənclərə ixtisas seçimində azadlıq verilmir:

“Məhz buna görə də, bir universitetdə oxuyan tələbənin digər universitetə köçürülməsi halı geniş yayılıb. İş o yerə çatıb ki, bu məsələlərlə məşğul olan qurumlar yaradılıb. Təsadüfən bir ixtisasa qəbul olurlar. Bir il oxuyandan sonra görürlər ki, bu ixtisas onlara uyğun deyil. Nəticədə, deyirlər ki, mən valideynlərimin, yaxınlarımın istəyi ilə burada oxuyuram, mənim yerimi dəyişin”.

Professor hesab edir ki, belə neqativ halların qarşısını almaq, eyni zamanda repetitor məsələsinə son qoymaq üçün ali məktəblər qapıları geniş açmalıdır:

“Universitetlər qapılarını geniş açsa, gənclər istədiyi fakültəyə qəbul ola bilər, sonra başqa yerə üz tutmazlar. Bununla köçürmə prosesinin qarşısı alınar. Bununla həm də gənclərin xaricə axınının qarşısını almaq mümkün olar. Xaricə gedən tələbə üçün nə qədər pul ölkədən çıxır. Həmin pul ölkəmizdə qalar. Eyni zamanda, abituriyentlərin Rusiyaya, Ukraynaya, Türkiyəyə axını azalar. Bunu anlamaq lazımdır ki, xaricə gedib top universitetlərdə oxuyan uşaqlar ölkəyə qayıtmır. Belə halda çıxış yolu tapmaq mütləqdir”.

Gununsesi.info