Azərbaycanda İcra Hakimiyyəti başçısı əməliyyatla həbs edildi – Rüşvət alıb

  • By admin
  • 19 Dekabr 2019 13:05

Azərbaycanda sensasiya sayıla biləcək hadisə baş verib.

Gununsesi.org xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini həbs ediblər. Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.

İcra başçısının və onun müavininin kimliyi məlum olsa da, rəsmi məlumat olmadığı üçün redaksiya onların adını açıqlamayıb.

Qeyd edək ki, sözügedən icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.

***

Unikal.org isə saxlanılan başçının adını açıqlayıb. Bildirilir ki, həbs olunan şəxs Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğludur. 

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə,  N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.

Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.

Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nizaməddin Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Gununsesi.org