Azərbaycanda İLK: Hakim onlayn iclasda həbs edilən şəxsi azadlığa buraxdı – Vəkildən açıqlama

  • By admin
  • 02 Aprel 2020 17:40
Bu gün Xətai Rayon Məhkəməsində təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə təqdimata onlayn qaydada baxılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs də Bakı İstintaq Təcridxanasından onlayn məhkəmə iclasına qoşulub: “Bu gün Xətai Rayon Məhkəməsində ilk dəfə olaraq onlayn qətimkan tədbirinin uzadılmasında iştirak etdim. İlk dəfə olaraq onlayn məhkəmə prosesinə qoşulmağıma baxmayaraq, məhkəmə həbs qətimkan tədbirini uzatmaqdan imtina etməklə bu şəraitdə bizləri sevindirdi”.

Vəkil əlavə edib ki, hüquqlarını müdafiə etdiyi Mustafayev Sahib 178.3.2 maddəsi ilə 9 aya yaxın həbsdə idi.

Qeyd edək ki, martın 19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” qərar qəbul edilib.

 

 

Gununsesi.org