Azərbaycanda kirayə evlərin qiymətləri bahalaşır: 500, 700 və…

  • By admin
  • 04 Fevral 2021 15:11

“Ölkə ərazisində pandemiya yayılmağa başlayandan mənzil bazarında vəziyyət gərgin oldu. Buna səbəb ölkədaxili qapanmalar, sərhədlərin bağlanması və bank əməliyyatlarında yaranan bəzi problemlər idi. Hazırda satış bazarı stabilləşməyə başlayıb”.

Bu sözləri Publika.az-a ölkənin mənzil bazarındakı son vəziyyəti dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevdeyib.

O bildirib ki, hazırda xüsusilə də yeni tikili binaların qiymətində bir qədər artım müşahidə olunur. Ekspertin sözlərinə görə, bu, bir neçə səbəbdən qaynaqlanır:

“Artıq şirkətlər bir neçə ildir ki, əvvəlki kimi tikinti həyata keçirmirlər. Həm torpaq sahələri yox kimidir, həm də tikinti materiallarının qiymətində artım var. Tikinti ilə bağlı qərarların verilməsi səlahiyyəti isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib, bu qurum da müəyyən normativlər tətbiq edib. Şirkətlər komitənin qoyduğu çərçivədən kənara çıxa bilməz. Bu isə onlara sərf etmir. Məsələn, əvvəllər şirkətlər bir hektar ərazidə 50-60 min kvadratmetr bina inşa edirdilər. Bu, həm qiymətlərin aşağı düşməsinə, həm də tikinti şirkətlərinin daha çox qazanmasına səbəb olurdu. Amma bu normativ yarıbayarı aşağı düşdüyünə görə şirkətlər əksər yerlərdə tikinti aparmağa ehtiyat edirlər. Çünki zərər etməmək üçün şirkət mənzilləri bir qədər baha qiymətə satmalıdır, insanlar isə bu qiymətlərə öyrəşməyiblər. Ona görə də tələb artıb, təklif isə azalıb. Tələb təklifi üstələyirsə, orada qiymət artımı qaçılmazdır”.

 

E.Fərzəliyev vurğulayıb ki, mənzil bazarındakı hazırkı artım pandemiya vaxtı enən qiymətlərin əvvəlki miqdara qalxması nəticəsində formalaşıb. Bu səbəbdən o qədər də böyük qiymət artımı müşahidə edilmir: “Əvvəl 10-15 faiz enmə var idisə, indiki artım əvvəlki qiymətə bərabərləşir. Söhbət bahalı evlərdən getmir. Əvvəllər yeni tikililərdə 500, 700 min və 1 milyona qədər qiymətdə binalar satılırdı. Ancaq hazırda aşağı qiymətə olanlarla müqayisədə daha çox bahalı mənzillər satışa çıxarılıb. Əvvəllər bu evləri imkanlı şəxslər yatırım kimi əllərində saxlayırdılar. Ancaq indi əksəriyyət böyük məbləğləri bu sahəyə yönəltmək istəmir. Bu səbəbdən qiymətdə bir qədər enmə müşahidə olunur. Qiymət artımı yaşanan mənzillər isə ipoteka kreditinə düşə bilənlərdir. Bu, çox baha qiymət deyil və o evlərə hazırda tələbat var. Qiymətlərdə isə cüzi də olsa, artım müşahidə edilir”.

Ekspert kirayə mənzil bazarındakı son durumdan da danışıb. Bildirib ki, 1 ay əvvəl bu sahədə durğunluq yaşanırdısa, karantin tədbirlərinin yumşaldılması ilə bir qədər canlanma var: “Mərkəzdə yerləşən yeni tikililərdə mənzillərin aylıq kirayəsi 1000, 1500 və 2000 manat arasında idi. Bu evlərdə xarici şirkətlərin nümayəndələri, xarici iş adamları və əcnəbi tələbələr qala bilirdilər. Pandemiya dövründə onların hamısı öz evlərinə qayıtdı və bu evlər boş vəziyyətdə qaldı. Hətta bəziləri bir qədər aşağı qiymətə ofis kimi icarəyə verilib. Tələbat ucuz bina evlərində, aylıq kirayəsi 250-500 manat civarında olan mənzillərdə 50-100 manat qiymət enməsinə səbəb olmuşdu. Amma kafe və restoranların bərpası, tikinti şirkətlərinin fəaliyyətə başlaması və bir sıra sahələrdə məhdudiyyətlərin aradan qaldırılması son bir ayda şəhərə axını gücləndirdi və aşağı qiymətə olan evlərə tələbatı artırdı”.

E.Fərzəliyev hazırda daha çox kirayə haqqı ucuz olan evlərə ciddi tələbat olduğunu əlavə edib: “Bu, bir neçə ay əvvəlki dövrdən daha yaxşıdır. Karantin müddətində bəzi şəxslər evlərinin çıxarışı olmadığı üçün qeydiyyata düşə bilmirdi və bu da kirayə mənzil bazarına təsir edirdi. İnsanlar əllərində pul olsa belə daşınmaz əmlaka yatırmadılar və əmlak alıcılarının böyük hissəsi bu sahəyə əlavə yatırım kimi baxırdılar. Kirayə mənzil bazarı çökdüyü üçün bu sahəyə maraq azalmışdı. Ancaq yavaş-yavaş bu sahə canlandığı üçün satış bazarına da təsirini göstərəcək”.

Gununsesi.info