Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği artmaqda davam edir.
Gununsesi.info xəbər verir ki, Mərkəzi Bankın avqustun 26-da açıqladığı hesabata əsasən, bu il avqustun 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manata çatıb.
Bu məbləğ iyulun 1-i ilə müqayisədə təxminən 4 milyon manat, iyunun 1-nə nisbətən isə 88 milyon manata yaxın artıb.
Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 30 faizə yaxın, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36 faizdən çox yüksəlib.
Rəsmi qurumlar problemli kreditlərdəki artım tendensiyasını hələlik şərh etməyiblər. Müstəqil ekspertlər isə bu prosesi əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin getdikcə pisləşməsi ilə əlaqələndirirlər.
Xatırladaq ki, Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş verib və manat iki dəfədən çox dəyər itirib. Həmin dövrdə problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı.
2019-cu il fevralın 19-da Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, 10 min ABŞ dollarınadək kredit götürmüş fiziki şəxslərin 2015-ci il devalvasiyaları nəticəsində yaranmış borc fərqini dövlət ödəyib. Bu addımdan sonra problemli kreditlərin həcmində azalma müşahidə olunub.
2021-ci ilin əvvəlində isə vaxtı keçmiş kreditlərin yenidən artdığı açıqlanıb və bu, koronavirus pandemiyasının iqtisadi təsirləri ilə əlaqələndirilib.
2022-ci ildə problemli kreditlərin azaldığı bildirilsə də, son bir ildə yenidən artım tendensiyası müşahidə olunur.











