Azərbaycanda real seçki ab-havası formalaşdırılmalıdır - BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏD

  • By admin
  • 10 Dekabr 2019 09:04

Gununsesi.org Bakının Nizami rayonu, 24 saylı dairəsindən bələdiyyə üzvlüyünə namizəd Ayxan Mehdizadənin müsahibəsini təqdim edir: 

  • Ayxan bəy, niyə, bələdiyyəyə seçkilərinə getməyi qərara aldınız?

Mənim fikrimcə hər bir prosesin aparıcı qüvvəsi seçkilərdir. Özümü yeni nəsil siyasətçi gördüyümə görə fikirləşirəm ki, seçkidə mütləq iştirak etməliyəm. Aktiv siyasətlə 2016-cı ildən məşğul olduğuma görə, bələdiyyə seçkiləri bu müddət ərzində qatıla biləcəyim ən uyğun seçki prosesidir. Mənə görə parlament öncəsi bələdiyyə seçkiləri sınaqdır. Mən düşünürəm ki, bu sınaqdan üzü ağ çıxmaq lazımdır. Gələcəkdə bizi daha böyük işlər gözləyir.
Bələdiyyə institutu Azərbaycanda o qədər də formalaşmasa da, bizim kimi tərəqqipərvər gənclər bunun üçün zəmin yaratmalıdır. Azərbaycanda real seçki ab-havası formalaşdırılmalıdır. Bunun üçün əlimizdən gələn hər bir işi görməliyik ki, seçicini seçkiyə gətirməyi bacaraq. Bələdiyyə  seçkilərinə qatılma məqsədim Azərbaycanda seçki ənənəsini yenidən formalaşdırmaqdır.  Fikrimcə, ölkədə əsas qurumları formal xarakterdən çıxarıb, işlək mexanizm halına gətirmək və seçici iştirakçılığını təmin etməkdir.

  • Yerli səviyyədə nə kimi problemləri var ?

Əvvəla onu bildirmək istəyirəm ki, lokal və respublika miqyasında olan problemlər var. Və kiçik problemlər bir-bir toplanaraq ümumi respublika problemlərinə çevrilir. Mənim fikrimcə sistemdə olan böyük problemlərin sonu, kiçik yerli əhəmiyyətli problemlərin həllindən keçir. Yəni bu işlərə əvvəl-axır başlamaq lazımdır. Mən bir problem haqda qlobal düşünsəmdə, lakin nəyisə həll etmək üçün lokal başlamağı üstün tuturam. Çünki əvvəlcə vacib işlərdən başlamaq lazımdır. Daha sonra ətrafdakı işləri görəndə anlayacaqsan ki, sən artıq mümkün olmayan işləri görmüsən. Və mənim fikrimcə, biz öncə yerli əhəmiyyətli məsələlərdən başlamalıyıq. Fikrimcə bələdiyyədə namizədliyi qeydə alınan bir namizəd kimi seçkilərdən sonra bələdiyyəyə namizəd seçilməsəm belə, üzvü olmasam belə  kölgə bələdiyyə üzvü kimi fəaliyyət göstərəcəm. Və yerli problemlərə gəldikdə isə, mənim hal-hazırda namizədliyimi irəli sürdüyüm rayon Nizami  rayonunun bir çox problemləri var. Düzdür rayonun ərazisi böyükdür və büdcəsi kifayət qədərdir. Lakin Azərbaycanda bələdiyyələr o qədər də keyfiyyətli formalaşmadığına görə bir çox işlər görülməlidir. Bu işlər əsasən infrastrukturla bağlıdır.
Lakin hələ də boşluqlar var. Önümüzdəki 5 il müddətində əlimizdən gələn qədərin artıqlaması ilə bu problemləri həll etməyə çalışacağıq. Problemlərin həlli əsasında müəyyən planlarımız var. Və bu planlar arasında rayonumuzda əngəlli vətəndaşlar üçün lazımi infrastrukturların hazırlanması, yaşıllığın artırılması, heyvanların qorunması,  sənədsiz evlərin problemini həll etmək və s.  əsas prioritet məsələlərdəndir.

  • Seçiləcəyiniz təqdirdə hansı addımları atacaqsınız?
    Əvvəla seçilmək mənə görə  ən  vacib məqsədlərdən biri olmasa da, böyük əhəmiyyət kəsb edir. Çünki seçiləcəyim təqdirdə  bir çox işlər görə biləcəm. Bir çox maliyyə sənədlərinə, maliyyə hesabatlarına çıxışım olacaq. Şəffaflığı təmin  etməyə çalışacam və sakinlərin qarşısında hesabatlılığı artıracam. Bu mənim istəyimdir, lakin bunun bir əngəli var. Bildiyiniz kimi,  Nizami rayon bələdiyyəsinə 19 namizəd seçilir və 19 namizədin içərisində tək mən olduğum halda 18 üzvün yekdilliklə verdiyi qərar mənim verdiyim qərarın həyata keçməsinə bir başa əngəl yaradacaq. Buna baxmayaraq, mən tək olmadığımı anlayıram, çünki seçki kampanyasına başladığım andan mənim yanımda mənə güvənən sakinlər olub. Namizəd olaraq seçilsəm mən onlarla işləyəcək və onlara hesabat verəcəm. Seçilməyəcəyim təqdirdə  isə yenə də  vurğulayıram ki, mən kölgə bələdiyyə üzvü kimi işləyəcəm və əhali ilə işləyəcəm. Çünki mənim gördüyüm bütün işlər sırf xalqa xidmət etmək üçündür. Seçildiyim təqdirdə görəcəyim işlər var və nə qədər əngəl olsa da, biz xalqa faydalı olmağa calışacağıq

 

  • Seçki kampaniyanız barədə bir az danışardız. Fərqli nələr edəcəksiniz, komandanızda kimlər var ?

Mən seçki kampanyasına başlamazdan öncə onu bildirmək istəyirəm ki, başqa kampaniyaların komandasında çalışmışam və müəyyən təcrübəyə malikəm.

Seçki kompanyasının ən təməl məsələsi doğru komandanı formalaşdırmaqdı. Və daha da əhəmiyyətlisi isə komandanı ortaq hədəfə yönəltməkdir. Komandamızın üzvləri əsasən Nizami rayonunda yaşayan aktiv gənclərdən ibarətdir. Aralarında  müxtəlif peşə sahibləri var. Hüquq sahəsindən media sahəsinə kimi  dəstək verən dostlarımız var. Komandamızda seçicilərlə ünsiyyət qurma bacarığı olan, siyasi texnalogiyaları tətbiq edə bilən gənclər fəaliyyət göstərir. Buna imza toplama kampanyasında şahid olduq. Həqiqətən də hər hansı bir işi  həll etmək üçün işgüzar komanda çox vacibdir. Komandamız müxtəlif düşüncəli üzvlərdən təşkil olunub. Bəzən ortaq bir qərar almaq zamanı gəldikdə qərarın müzakirəsinə saatlarımız gedir. Bəzən ortaq nəticəyə gələ bilmirik. Bunun özəlliyi də ondadır ki, insanlar müxtəlif fikirlidir. Əgər komandada müxtəlif fikirli insanlar varsa, orda tənqid və təklif də var. Bu da tərəqqiyə aparır. Mən komandama çox güvənirəm. Əminəm ki, komandamla birgə hazırladığımız seçki kompaniyası uğurla nəticələnəcək. Rəqiblərimin seçki kompanyalarına baxdıqda, komandamızla necə aktiv çalışdığımızın bir daha şahidi oluram. Biz bir-birimizə  dəstək olaraq addımlayırıq. Və biz inanırıq ki, belə inkişafda etməkdə olan addımlar ölkəni uğura doğru aparacaq! Biz birlikdə qazanacağıq!

Gununsesi.org