Azərbaycanda “Rusiya sevdalıları” niyə çoxalıb?

  • By admin
  • 21 Mart 2022 15:05

Yəqin sosial şəbəkələrdə Rusiyaya yarınan komentlərin sayının artdığını siz də müşahidə edirsiniz. Düşünmədən onları Rusiya və İran uşaqları da adlandıra bilərdik. Amma bu tələskən nəticə olardı.

Gununsesi.info Bizimyol.info-ya istinadla bildirir ki, bunlardan bir qismi həqiqətən də 5-ci kolonun uşaqlarıdır. Müəyyən mərkəzdən idarə olunurlar. Amma bu qrup “Rusiya sevdalılarının” əhəmiyyətli hissəsi deyil.

Başqa bir qrup səmimi olaraq inanır ki, Rusiya imperiyasının bir parçası olmaq lazımdır. Məlum şovinist ideologiya belələrinin başını yeyib. Onlar əsasən, sovet ideologiyasının təsirindən hələ də qurtula bilməyən orta və yaşlı nəsildir. Elə bilirlər ki, Rusiya SSRİ-ni bərpa edəcək. Bəlkə də ən xəstə yanaşma elə budur. Çünki qapalı və repressiv sovet cəmiyyətini arzulamaq nomal insan şüuruna xas davranış deyil. Yaxşı ki, belələrinin də sayı çox deyil və artıq “Qırmızı kitab”a düşüblər.

“Rusiya tərəfdarları”nın ən böyük qrupu oradan gələn pulla dolanan insanlardır. Ailənin bir üzvü orada işləyir və oradan pul göndərir. Bu üzdən də hesab edirlər ki, biz bu müharibədə Rusiyanın yanında olmalıyıq. Əlbəttə ki, öz motivlərini açıq demirlər, özlərini təmənnasız göstərməyə çalışırlar. Əlbəttə biz iddia etmirik ki, qohumu orada işləyənlərin hamısı Rusiya tərəfdarıdır. Amma sosial şəbəkələrdə üstünlük təşkil edənlər məhz onlardır. Bunu gündəlik ünsiyyətimizdə də görürük.

Amma bu insanları qətiyyən qınamaq lazım deyil. Onları bir qədər başa düşməliyik. Çünki oradan gələn pul xeyli sayda ailələr üçün yeganə həyat mənbəyidir. Bu, bir növ, “sağ qalmaq instinkti” kimi bir şeydir. Və bu instinkt hər birimizdə var. Bəzən sağ qalmaq üçün müəyyən prinsiplərin üstündən xətt çəkə bilərik. Və bunu şüurlu şəkildə etmirik, yuxarıda dediymiz kimi, “sağ qalmaq instinkti” işə düşür. Bununla belə, elə prinsiplər var ki, onlardan heç bir halda vaz keçmək olmaz. Məsələn, ölkəmizin ərazi bütövlüyü. İndi Krımı işğal edən, “DNR”və “LNR” kimi qondarma respublikaların müstəqilliyini tələb edən Rusiyanın yanında olanlar bu məntiqlə həm də “DQR”-in müstəqilliyini tələb edən Ermənistanın yanında olmalıdırlar…

Başa düşürük, Azərbaycanda bəlkə də yüz minlərlə insan üçün Rusiyadan gələn pul yeganə dolanışıq mənbəyidir. Bu pulun kəsilməsi haradasa onlar üçün “sosial ölüm”, bəzi hallarda isə elə fiziki ölüm anlamına gəlir. Amma bu adamlar nə baş verdiyi barədə soyuq başla düşünüblərmi? Axı son 25 gündə baş verənləri müşahidə etməklə gələcək barədə ümumi mülahizələr də yürütmək olar.

Tutaq ki, Rusiyadan sizə çörəkpulu gəlir və o üzdən də Rusiyanın qalib gəlməsini istəyirsiniz. Amma yüz faiz əmin olun ki, Rusiya bu müharibədə qalib gəlsə, ən azı 10 il bundan sonra da qohumunuz daha Rusiyada çörəkpulu qazana bilməyəcək. Rusiya qalib gəlsə, indi gördüyünüz sanksiyalar toy-bayram kimi görünəcək. Artıq indidən Rusiyada kütləvi işsizlik başlayıb. Elə bilirsiniz, iş yerini itirən Rusiya vətəndaşı miqrant qohumunuzun iş yerini əlindən almayacaqmı? Fərqi yoxdur, satıcı, sürücü, fəhlə işi olsun – işsiz qalan milyonlarla Rusiya vətəndaşı miqrantların yerini tutacaq.

Rusiya qalib gələrsə, şiddətlənən sanksiyalar qarşılığında miqrantların ölkədən kənara pul daşımasının qarşısı dərhal alınacaq. Qərb Rusiyanın Ukraynadan sonra başqa Avropa ölkələrinə hücumlarını önləmək üçün 10 illər boyunca Rusiyanın iqtisadi güc toplamasına imkan verməyəcək. Hətta Rusiya qalib gəlib sonradan Ukraynanın bir hissəsini özünə birləşdirməklə geri çəkilsə də, sanksiyalar uzun müddət davam edəcək. Bundan sonra nə qədər ki, Putin rejimi mövcuddur, Rusiyanın özünə gəlməsi, qohumlarınız və sizin üçün “çörəkpulu” mənbəyi rolunu oynaması mümkün olmayacaq.

Amma daha yaxşı variant da var. O variant Rusiyanın məğlub olmasını və orada hakimiyyət dəyişikliyini tələb edir. Putin rejimi dəyişərsə və Qərblə anlaşma üzərində əməkdaşlıq edən bir hakimiyyət qurularsa, tezliklə sanksiyalar aradan qalxacaq və qohumunuz da rahatlıqla və əvvəlkindən də çox qazana biləcək. İnstinktinizə tabe olub haqqı nahaqqa qurban verməzdən əvvəl soyuqqanlı şəkildə fikirləşməyə çalışın. Əslində elə sizə də Rusiyanın uduzması lazımdır. Sadəcə, həyəcana qapılmısınız və bunu başa düşə bilmirsiniz…

Gununsesi.info