Azərbaycanda sürətlə yayılan virus “Omicron”du -İnfeksionist İlahə Vəliyeva

  • By admin
  • 07 Yanvar 2022 14:00

Artıq neçə aydır ki, dünyada koronavirusun yeni ştamı “Omicron” sürətlə yayılır. Qonşu dövlətlərdə yeni ştama yoluxma aşkar edilsə də, hələ ölkəmizdə təsdiqlənməyib. “Omicron”un əlamətlərinin “Delta plus” variantına bənzədiyi qeyd edilsə də, ciddi fəsadlar yaratmadığı bildirilir. Amma ciddi fəsadı təsdiq edilməyən virus dünyada insanlar arasında təşvişə səbəb olur.

Gununsesi.info xəbər verir ki, Modern.az-a açıqlama verən həkim -infeksionist İlahə Vəliyeva bildirib ki, “Omicron” ştamı hazırda qrip kimi sürətlə yayılır.

Onun sözlərinə görə, koronavirus ilk vaxtlarda yayılanda boğaz ağrısı, qripəbənzər əlamətlər müşahidə edilmirdi:

“Birbaşa olaraq xəstə boğulurdu, təngnəfəs olurdu, öskürürdü. Xəstəlik daha ağır keçirdi. Amma “Omicron” qrip kimi keçir. Ona görə onu qripdən ayırmaq çətin olur. İnsanlar arasında panikaya səbəb isə virusun antibiotika çox çətin tabe olması və uzun müddət yüksək hərarətdən əziyyət çəkmələridir. Xüsusən uşaqlar arasında bu hal daha çətin olur”.

Həkim-infeksionist bildirib ki, Azərbaycanda koronavirusun yeni ştamlarının reaktivi olmadığı üçün son aylar uşaqlar və böyüklər arasında yayılan virusun “Omicron” olduğunu söyləmək çətindir:

“Amma hazırda yayılan virus mövsümi qrip də deyil. Çünki qripdə bir həftə qızdırma və antibiotikə bu qədər tabe olmamaq halı yoxdur. Qrip uşağı bu qədər əldən salmır. Ən çox müşahidə edilən hal oldur ki, xəstəlik yenidən qayıdır. 1-2 həftəlik xəstə olursan, sonra sağaldığını düşünürsən. 10 gündən sonra yenidən proses təkrarlanır. Qayıdan infeksiyadır. Virus bədəndə yerləşir. İmmunitet düşən kimi, yenidən aktivləşir. Ona görə də buna qrip deyə bilmərik”.

İ.Vəliyeva bildirib ki, koronavirusun hər yeni növü digərindən daha ağır əlamətlərlə müşahidə edilir.

Gununsesi.info