Azərbaycanda tarixə düşən səfir

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İsrailə səfir təyin edib. Bu vəzifə Muxtar Məmməd oğlu Məmmədova həvalə edilib. Bununla da o, Azərbaycanın İsraildəki ilk səfiri kimi tarixə düşüb. Belə ki, Azərbaycanın İsraildəki səfirliyi ötən ilin noyabrında təsis olunub. 

Gununsesi.info-nun məlumatına görə, Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub.

2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində “Dövlət qulluğunun təşkili və idarəedilməsi” ixtisası üzrə magistratura təhsili alıb.

2007-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2021-ci il aprelin 29-dan indiyədək elm və təhsil nazirinin müavini vəzifəsinə çalışırdı.

İngilis, rus və türk dillərini bilir.

Evlidir, iki övladı var.

Gununsesi.info