Azərbaycanda uşaqlar arasında yoluxma artıb – “Delta” təhlükə SAÇIR

  • By admin
  • 18 Avqust 2021 14:13

İlk dəfə Hindistanda aşkarlanan, dünyanın bir çox ölkəsində yayılan “Delta” ştammı təhlükəsi Azərbaycandan da yan keçməyib. Son vaxtlar ölkəmizdə bu ştamma yoluxma sayının artdığı bildirilir. 

Koronavirusun digər ştammlarından daha təhlükəli və yoluxucu olan “Delta”ya uşaqlar arasında da rast gəlmək olar. Bu hal valideynləri ciddi narahat etməyə başlayıb.

Hazırda uşaqlar arasında yoluxma halları niyə çoxalıb? Azyaşlıları “Delta” ştammından qorumaq üçün hansı addımlar atılmalıdır?

Gununsesi.info xəbər verir ki, Pediatr Vaqif Qarayev Modern.az-a bildirib ki, uşaqlar arasında kütləvi yoluxma olmasa da, keçən illə müqayisədə xəstələrin sayında artım müşahidə edilir:

“Keçən illə müqayisə etsək, bu il uşaqlar arasında koronovirus pandemiyasına yoluxma halları artıb. Bunun səbəbi “Delta” ştammının ölkəmizdə sürətlə yayılmasıdır. Çünki “Delta” peyda olduqda bütün dünya çağırış edirdi ki, bu ştamm digərlərinə nisbətdə daha çox yoluxucudur və ən çox uşaqlar arasında yayılır.

Düzdür, ölkəmizdə uşaqlar arasında bu ştamma kütləvi yoxluma yoxdur. Amma getdikcə uşaqların yoluxma faizi arta bilər”.

Həkim xatırladıb ki, koronavirusa yoluxma uşaqlarda adətən qarın ağrısı, ürək bulanma, qaytarma halları ilə özünü büruzə verir. Belə halda uşaqların maye balansı bərpa olunur:

“Elə uşaqlar var ki, xəstəliyi qızdırma və öskürəklə, eləsi də var tək qızdırma ilə keçirir və başqa simptom müşahidə olunmur. Bildiyimiz kimi, COVID-19-un spesifik müalicəsi yoxdur”.

Gununsesi.info