Azərbaycanda Venera-Saturn birləşməsini izləmək mümkün olacaq

  • By admin
  • 17 Yanvar 2023 11:11

Yanvar ayının 22-də Günəş batdıqdan sonra Venera ilə Saturn planetlərinin birləşməsini izləmək mümkün olacaq. Belə ki, bu iki Günəş sistemi planeti qeyd olunan tarixdə bir-birinə çox yaxın məsafədən (~0.34⁰) keçəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Məlumatda bildirilir ki, planetlərin birləşməsi Bakı vaxtı ilə (GMT+04) saat 18:03-dən etibarən üfüqdən 14⁰ hündürlükdə cənub-qərbdə müşahidə olunacaq və saat 19:35-dək müşahidə etmək mümkün olacaq.

Hazırda planetlər Oğlaq bürcündədirlər və yanvarın 22-ə qədər bir-birinə yaxınlaşmaqda davam edirlər. 23 Yanvarda isə gecə səmasında  Venera ilə Saturna təzə Ay da qoşulacaq.

Qeyd edək ki, Venera səmada Günəş və Aydan sonra  3-cü parlaq obyektdir, Saturn parlaqlığına görə Veneradan zəif olsa da, hər iki planeti adi gözlə belə müşahidə etmək mümkün olacaqdır. Daha keyfiyyətli müşahidə üçün isə kiçik teleskoplar və binokllardan istifadə etmək olar.

Gununsesi.info