Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu - 4 yaşını tamamlayan “Qafqaz tranziti”

  • By admin
  • 06 Noyabr 2021 22:27

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsinin 4 ili tamam oldu.

Açılışında Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Tacikistan və Türkmənistanın rəhbər şəxslərinin iştirak etdiyi bu nəqliyyat qovşağı Asiya və Avropanı birləşdirərək Azərbaycanın tranzit imkanlarının genişləndirilməsində mühüm rol oynayır.

Nəqliyyat-logistikanın inkişaf etdirilməsi, ölkənin dəmir yolu şəbəkəsinin yenidən qurulması Prezident İlham Əliyevin əsas  prioritetlərindəndir. Belə beynəlxalq şəbəkə ölkəmizin xarici ticarətdə rolunu artırır, eyni zamanda idxal-ixrac əməliyyatlarından pay əldə etmək imkanı yaradır.

Azərbaycan ərazisindən beynəlxalq daşımalar, əsasən dəmir yolu vasitəsilə həyata keçirilir.  Son illərdə bu istiqamətdə aparılan dövlət siyasəti ciddi uğurlar əldə etməyə imkan verib.

Bu sırada 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm layihə olaraq  dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək şansı yaradıb. Ölkəmiz “Bakı-Tbilisi-Qars” regional nəqliyyat dəhlizinin reallaşmasının təşəbbüskarı olub.

Bu il ilk dəfə olaraq BTQ vasitəsilə ixrac yüklərinin nəqlinə də başlanılıb. Azərbaycanda istehsal olunan metal konstruksiyaları Türkiyəyə ixrac olunub. Ümumilikdə isə indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə təqribən 1,3 milyon ton həcmində yük daşınıb. Bu dəmir yolu ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün də işlər görülür və bu da turizmin inkişafına yeni nəfəs gətirəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən BTQ ilə hərəkət edəcək sərnişin qatarları alınıb.

Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq eyni zamanda bölgədə təhlükəsizliyi möhkəmləndirməklə dövlətimizi regionun avanqardına çevirir və xarici siyasətin mühüm komponenti kimi çıxış edir. Belə “tranzit siyasəti” dövlətimizin siyasi maraqları üçün də mühüm amil sayılır.

Dövrün çağırışları “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında yeni öhdəliklər qoyur. Son 6 ildə Cavid Qurbanovun rəhbərlik etdiyi ADY-də aparılan bir sıra islahatlar beynəlxalq logistikanın qurulması üçün yeni imkanlar yaradıb.

Azərbaycanın 2015-ci ilə qədər tranzit yükdaşımaların həcmi aşağı olub. Rəqəmlərə baxdıqda bunları aydın görmək olur: 2015-ci ildə Azərbaycanda dəmir yolları ilə cəmi 17,1 milyon ton yük daşınmışdı. Onun 23,4 faizi (4 milyon ton) daxili yükdaşımanın, 32,2 faizi (5,5 milyon ton) idxal yüklərinin, 21,4 faizi (3,7 milyon ton) ixrac yüklərinin və 23 faizi (3,9 milyon ton) tranzit yüklərin payına düşüb.

2015-ci ildə Azərbaycanın ərazisindən dəmir yolu ilə daşınan yüklərin ümumi həcmində tranzit yüklərin payı cəmi 23 faiz olub.  Müqayisə üçün deyək ki, həmin dövrdə Gürcüstanda dəmir yolları ilə daşınan yüklərin 71 faizini tranzit yüklər təşkil edib.

Bu baxımdan  son 6 ildə Cavid Qurbanov ADY-ni islahatlar üçün vacib olan yeni çağırışlara kökləyərək  QSC-ni bu prosesin aparıcı qurumuna çevirə bilib.

ADY-nin də inkişafının, irəliləməsinin təməlində məhz insan kapitalı dayanır. İnsan resurslarının doğru idarə edilməsi bu sahədə münasibətlərin effektiv qurulmasına və inkişafına kömək edir. ADY-də çalışan 17 min 200 nəfər əməkdaşın böyük hissəsi  dəmir yollarının əsası olan infrastruktur, yük daşımaları, sərnişin daşımaları sahələrində çalışırlar. ADY üzrə orta aylıq əmək haqqı 2015-ci il ilə müqayisədə 2.27 dəfə artıb.

Azərbaycanın beynəlxalq tranzit qovşağına çevrilməsi dəmir yolunda xidmətin müasir standartlarını formalaşdırıb.

ADY bu istiqamətdə əhəmiyyətli dəyişikliklərə nail ola bilib. 2017-ci ildə Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra  istifadəyə verilib. Bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb. Dəmiryolunda aparılmış yeniliklərdən biri də sərnişin qatarları üçün onlayn bilet satışı sistemini tətbiqdir.

ADY-nin insan resurslarının idarə edilməsi sahəsində bir sıra uğurlu işlər görüb. İşçilərin koordinasiyasını, karyera inkişafını ADY-də 2017-ci ildə yaradılmış İnsan resursları idarəsi həyata keçirir. 7 şöbədən ibarət bu idarə ümumi istiqamətləri müəyyən edən əsasnamə hazırlayıb. Burada habelə insan resurslarının planlaşdırılması, işə qəbulun həyata keçirilməsi, işçilərin bacarıqlarının inkişafını tənzimləyən konkret qaydalar tərtib edilib.

ADY-nin rəhbərliyi artıq insan resurslarının idarə edilməsi üçün hazırlanmış 19 normativ sənədi təsdiq edib.

Ötən il start götürmüş və böyük maraqla qarşılanmış “Yüksəliş” müsabiqəsinin qalibləri cərgəsində ADY-nin əməkdaşları da var. Birinci yeri qazanmış 27 nəfərdən biri ADY-nin əməkdaşı olub. Bundan başqa daha iki əməkdaş finala çıxan 112 nəfər arasında yer alıb. İki xanım əməkdaş isə müsabiqənin yarımfinalçıları sırasında olub.

Bütün görülən işlər beynəlxalq təşkilatların diqqətindən də kənarda qalmayıb.

Nufuzlu Davos Ümumdünya İqtisadi Forumunun hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdə qərarlaşıb. Nəqliyyat infrastrukturunun səviyyəsinə görə isə Azərbaycan dünyada 31-ci yerdədir.

Davos Forumunun 2019-cu il üçün tərtib etdiyi “Qlobal Rəqabətlilik Hesabatı”na görə isə Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci olub.  Azərbaycan 70,8 bal toplayaraq MDB-də lider, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olub.

Prezident İlham Əliyev ADY rəhbərinin fəaliyyətini qeyd edərək aparılan işlər nəticəsində Azərbaycanın artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrildiyini demişdi.

Bu gün demək olar ki, ADY-nin rəhbərlik etdiyi böyük miqyaslı nəqliyyat layihələri  ölkənin xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Beynəlxalq ticarət üçün böyük imkanlar yaradan dəmir yolu daşımaları eyni zamanda dövlətin təsir indikatoru sayılır. Nəqliyyat dəhlizləri həm də geosiyasi müstəvidə öz milli maraqlarını ifadə edən böyük platformadır. ADY bu baxımdan xarici siyasətinin mühüm vektoru kimi çıxış edir.

Vətən Müharibəsindəki zəfərimiz bölgədə bütün siyasi müstəvini dəyişib. Azərbaycan Cənubi Qafqazın siyasi və hərbi lider dövlətinə çevrilib. Bu gün dünya Mərkəzi Asiyaya və Avropaya gedəcək yeni nəqliyyat dəhlizlərinin layihələrini çızır. Bu nəqliyyat qovşaqlarını təmin edəcək ən vacib rıçaq dəmir yollarıdır. Asiyadan, Yaxın Şərqdən, Çindən gələcək yüklərin Zəngəzur dəhlizi ilə Avropaya çıxma perspektivi ilə bölgədə tamam yeni bir vəziyyəti formalaşdırıb. Azərbaycan burada “açar dövlət”ə çevrilməklə bölgə siyasətini müəyyən edən ən vacib ölkə statusunu qazanıb. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə qurulan nəqliyyat layihələri ölkəmizi bu qovşaqlarda söz sahibinə çevirib. Bakı-Tiflis-Qars dəmir yolu belə uzaqgörən siyasətin uğurlu nəticələrindəndir.

“Analitik” Təhlil Mərkəzi

Gununsesi.info