Azərbaycanın Avropa İttifaqına üzvlüyü gündəmdə deyil - YAP-çı DEPUTAT

  • By admin
  • 04 Mart 2022 17:09

“Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr artan xətt üzrə inkişaf edir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edən ölkələrdəndir. Həmçinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində danışıqlar davam etdirilir. Avropa İttifaqı ilə Azərbaycan arasında xüsusi razılaşmanın əldə edilməsi üçün lazım olan işlərin, demək olar ki, əksəriyyəti həyata keçirilib. Burada Azərbaycan xüsusi iqtisadi maraqlarını nəzərə alaraq digər “Şərq Tərəfdaşlığı” ölkələrindən fərqli olaraq fərdi və xüsusi anlaşmanın imzalanmasına üstünlük verir. Yəni, Avropa İttifaqına üzvlük məsələsi gündəmdə deyil”.

 

Gununsesi.info bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir və bütün tərəfdaşları, eləcə də müttəfiqləri ilə münasibətlərini qoruyub saxlamağa çalışır: “Eyni zamanda, dövlətimiz Avropa İttifaqı ölkələri ilə münasibətləri də həmişə yaxşı vəziyyətdə saxlayır. Azərbaycan bu ölkələrin əksəriyyəti ilə yüksək səviyyəli sənədlər imzalayıb və bu gün həmin dövlətlərlə yaxın dostluq və tərəfdaşlıq əlaqələrini davam etdirir. Hesab edirəm ki, Prezident İlham Əliyev, doğrudan da, nəyi, nə vaxt, necə edəcəyini çox yaxşı bilir. Azərbaycanın daxili və xarici siyasətində dövlətin, xalqın və millətin maraqları və milli təhlükəsizliyimiz hər şeydən üstün tutulur. Ona görə də Avropa İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi də mərhələli şəkildə həyata keçirilməlidir. Zərurət yaranacağı təqdirdə, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla Avropa İttifaqı münasibətlərinə yenidən baxıla və tənzimlənə bilər”.

Gununsesi.info