Azərbaycanın bu addımı Türkiyə Mərkəzi Bankının ehtiyatlarını artırmağa kömək edəcək -ƏLİ MƏSİMLİ NEFT FONDUNUN QARDAŞ ÖLKƏYƏ 1 MİLYARDLIQ YATIRIMINI ŞƏRH EDİR

  • By admin
  • 29 Yanvar 2022 15:47

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Fondu qardaş Türkiyənin maliyyə sabitliyinə tövhə vermək üçün bu ölkəyə 1 milyard avro depozit yerləşdirib.

Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Əli Məsimli Gununsesi.info-ya açıqlamasında Azərbaycanın qardaş Türkiyəyə bu dəstəyininin əsl məqamında göstərdiyini deyib:

“Məlum olduğu kimi, son aylar Türkiyə milli valyutası-lirə kəskin dəyər itirib.Bu qardaş ölkənin iqtisadiyyatna,maliyyə sisteminə, sosial sferaya mənfi təsir göstərir. Türkiyə höküməti ölkədə maliyyə sabitliyinin etibarlılığını artırmaq və lirənin ucuzlaşmasının mənfi təsirlərini münimuma endirmək istiqamətində tədbirlər sistemi həyata keçirir. Azərbaycan da qardaş ölkə – Tükiyənin maliyyə sabitliyinə müsbət töhfə verməkdən ötrü Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında qaytarılma müddəti 6 ay təşkil edən 1 milyard avro depozit yerləşdirib. Türkiyədə dollara tələbin artması fonunda Azərbaycanla Türkiyə arasındakı belə bir razılaşma Türkiyə Mərkəzi Bankının ehtiyatlarını artırmağa kömək edəcək. Həmin 1 milyard avro Türkiyə Mərkəzi Bankı tərəfindən lirənin məzənnəsinin tənzimlənməsində istifadə olunacaq”.

Əli Məsimlinin sözlərinə  görə, Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verəcək bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsinə uyğun olmaqla yanaşı, həm də qarşılıqlı öhdəliklər əsasında strateji tərəfdaş ölkələrin bu cür dəstək tədbirləri ötən il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları və bu il fevralın 1-də Milli Məclisdə öz yüksək məqamlı hüquqi təsdiqini tapacaq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin ruhuna da uyğundur:

”Azərbaycan və Türkiyənin ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən Şuşa Bəyannaməsində bildirilir ki, tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar.Bu deyilənlərə əlavə olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondunun(ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirməsi dollar tələbatın artdığı bir şəraitdə iqtisadi fəaliyyətin yarada bilmədiyi dolları, qarşılıqlı öhdəliklər əsasında strateji tərəfdaş ölkənin dəstəyi ilə əldə etmək yoludur.Bu həm də Azərbaycanın Türkiyəyə fikirdə,sözdə və işdə həmişə üst-üstə düşən çox nümunəvi bir qardaşlıq jestidir”.

Nəcəf Cavadsoy

Gununsesi.info