Azərbaycanın cənub qapısından FOTOREPORTAJ

  • By admin
  • 06 Dekabr 2017 14:30

Təbiət bu diyardan heç nəyini əsirgəməyib. Dağı, dənizi, əzəmətli meşəsi, təbiətin səxavətindən hər cür nemət payı. Xəzər dənizinin sahilindəki Azərbaycanın bu cənub qapısı haqqında yazanda  sözləifadə edilə bilməyəcək şirinlik hiss edirsən. Bu torpağın yetirdiyi bütün nemətlərdə bir ayrı şirinlik var. Narıngi almaq istəyən peşəkar alıcı ilk əvvəl soruşur-Astara malıdır? Elə kartofu, boranısı, tərəvəzi, düyüsü, meyvələri də belə. Torpağın qumsallığındadır, ya nədən, burda yetişən məhsulların hamısına qəribə bir şirinlik hopub…

Şirinlik demişkən, heç Astara balından dadmısınızmı? Miki balından deyirəm. Neçə növü var-hamısı da bir-birindən dadlı, şirin, müalicəvi. Azərbaycanın əsas arıçılıq rayonu olan Astara balının şöhrəti ta qədimlərdən hər tərəfə yayılıb. Deyilənə görə, Rusiya hökmdarı I Pyotra Astaranın Miki balı və heyvası ərməğan aparılıb və bu məhsullar çarın o qədər xoşuna gəlib ki, sonralar sifarişlə gətizdirib. I Pyotrun duyduğu ləzzəti 4 əsr sonra siz də hiss edə bilərsiniz. Həm də, indi lap vaxtıdır. Heyvaların da nə qədər çeşidi var-növbənöv. Seçim edəndə yerlilərin gilək adlandırdığı heyvaya üstünlük verin. Mürəbbəsi, kompotu əla olur, Novruz bayramına qədər də qalır.

Astaranın Sədri, Haşımi, Akulə düyülərinin ləzzətini isə sözlə ifadə etmək mümkün deyil. Hər il biçin vaxtı çəkiliş edəndə o sahələrdən çıxmaq istəməzdim. İlahi bir qoxu gəlirdi havadan sanki- çəltik sünbüllənən vaxt. Bu düyüdən plov bişirmək də hər xanımın işi deyil. Gərək biləsən hansı sort düyüyə nə qədər su tökməlisən, nə vaxt dəmdən götürməlisən. Bu düyüdən plov bişirib qonşularına vermədinsə, günah sahibi olarsan. Ətri uzaqlardan belə hiss olunduğuna görə. Bu ayrı bir rayihədir-sözlə ifadəsi qeyri-mümkün.

Plovun da yanında ilin bu fəslində adətən çöl quşlarından hazırlanmış fisincan, çölmək kababı, o da olmasa ləvəngi toyuq olur. Balığı isə astaralılar az qala hər gün yeyir. Çünki rayon dənizlə, çaylarla əhatələndiyindən balıq problemi yaşanmır. Lənkəran bazarına da balığın çoxunu astaralılar çıxarır.

Yeməyin üstündən dadlı, ekoloji cəhətdən tam təmiz Astara çayını içməyin bir ayrı ləzzəti var. Hansı qapıya getsəniz, sitrus nemətlərindən nuş edəcəksiniz-hələ pay da qoyacaqlar. Astaralılar bölgənin ən əliaçıq insanlarıdır.

İnsanları zəhmətkeş, torpağabağlı, ailəcanlı, elinə bağlı. Yurd sevgisi güclüdür bu torpaqda. Dünyanın hansı yerində yaşamalarından asılı olmayaraq astaralılar ata ocağında mütləq ev tikirlər, doğma yurdlarını boş qoymurlar. Bu yerlərin bərəkəti də elə  buna görə əskilmir.

Yüz dəfə deməkdənsə, bir dəfə görmək yaxşıdır. Sitrus məhsullarının bol vaxtında Astaradan yolunuzu salsanız, bu şirinliyi siz də hiss edib, gözəllikdən zövq alacaqsınız….

Esmira İsmayılova

Astara-Bakı

Gununsesi.info