Azərbaycanın cüdo üzrə milli komandası gənclər arasında Avropa çempionatında 6 medal qazanıb

  • By admin
  • 15 Sentyabr 2017 22:47

10e8f834-3879-459b-82a1-25f99c4167d9

 

Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan milli komandasının 13 üzvü tatami üzərinə çıxıb.

Yığmamız böyük uğur qazanaraq aktivinə 6 medal yazdırıb. Ölkəmizi təmsil edən Kəramət Hüseynov (60 kq) və Hidayət Heydərov (73 kq) bütün rəqiblərindən üstün olaraq Avropa çempionatının qızıl medallarına sahib olublar.

Rəşxan Baxışəliyev (55 kq) və Murad Fətiyev (73 kq) yalnız finalda rəqiblərinə üstünlüyü əldən verərək gümüş medallara sahib olublar.

Xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə çempionatın bürünc medallarını qazanıblar.

Bununla da, Avropa çempionatının ilk günündə 6 medal – 2 qızıl, 2 gümüş və 2 bürünc qazanan millimiz mötəbər turnirin ilk pilləsində qərarlaşıb.

Qeyd edək ki, 41 ölkədən 402 idmançının (222 oğlan, 180 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

 

Gununsesi.info