Azərbaycanın uğurlu sosial siyasəti var - Naqif Həmzəyev

  • By admin
  • 03 Yanvar 2021 13:04

“2020-ci ildə Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz İlham Əliyevin qətiyyəti, siyasi iradəsi oldu”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Publika.az-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi ilə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil etdi, şanlı qələbəmizi şərtləndirən amillərdən oldu: “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Prezidentimiz xalqa müraciətində 2020-ci ilin Azərbaycan üçün tarixi önəmindən bəhs edərkən də qeyd etdi ki, iqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir”.

N.Həmzəyev bildirib ki, 2020-ci ildə bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal pandemiya insan sağlığı ilə yanaşı, dövlətlərin iqtisadiyyatına da ciddi mənfi təsirini göstərdi: “Belə bir dönəmdə möhkəm təməl üzərində qurulan iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə aparılması nəticəsində ölkəmizdə 2020-ci ildə sosial təminata yönələn vəsaitlərdə ciddi artım oldu. Belə ki, 2020-ci ilin ötən dövründə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq çox vəsait ödənilib. Bu artımın 700 milyon manatdan çoxu pensiya, qalanı müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərdəki artımlardır. Ümumilikdə isə 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib. 2020-ci ildə pensiyaların orta aylıq məbləği 14% artaraq 300 manat təşkil edib. Pensiyaların sığorta hissəsi 16,6% indeksasiya edilərək artırılıb, 1,2 milyondan artıq pensiyaçını əhatə edən bu artım üçün aylıq 43 mln. manat əlavə vəsait ödənilir.

Vətəndaşlara ödənilən sosial müavinətdə 2020-ci ildə 18% artım olub. 2020-ci ildə ünvanlı sosial yardım alan ailələrin sayı 9 min ailə (58 min ailə üzvü) artaraq ümumilikdə 74,4 min ailə (312 min ailə üzvü) təşkil edib. Hər bir ailəyə düşən orta aylıq məbləğ ötən illə müqayisədə 15% artaraq 238 manat təşkil edib. Bu il ərzində müharibə əlilləri və şəhid ailələrinə 1500-ə yaxın mənzil və fərdi ev verilib. Ümumiyyətlə, indiyədək bu kateqoriyadan olan vətəndaşlara 9 min ev verilib. Müharibə əlillərinə 400-dək avtomobil verilib və ümumilikdə onlara verilən avtomobillərin sayı 7150-yə çatıb”.

Deputat vurğulayıb ki, pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək üzrə tədbirlər əhalinin təqribən 5 milyon nəfərini əhatə edib: “Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və 12 min ailə proqrama cəlb olunub. Özünüməşğulluq proqramına şəhidlərin və itkin düşmüş hərbçilərin ailələri, yaralanmış hərbçilər cəlb edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğinə çatdırıldı.

Göründüyü kimi, Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaratdı. Bu da bir daha təsdiq edir ki, Azərbaycanın uğurlu sosial siyasəti var, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətdə vətəndaşların mənafeyi öndə gəlir”.

Gununsesi.info