Azərbaycanlı ekspert Kılıcdaroğluna haqq qazandırdı - Türkiyə-Çin birbaşa dəmir yolu əlaqəsi ancaq İrandan keçə bilər

  • By admin
  • 07 May 2023 14:53

“Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun dünən axşam hakimiyyətə gələcəyi təqdirdə reallaşdıracağı İpək Yolu ilə bağlı açıqladığı layihə Azərbaycanda birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Kılıcdaroğlu prezident seçiləcəyi təqdirdə yeni nəqliyyat dəhlizi açacağını deyib.
Onun Çindən Türkiyəyə gələn İpək Yolu marşrutunda təqdim etdiyi xəritədə Azərbaycanın olmadığı əks olunub.

Ekspert Şahin Cəfərli Kamal Kılıcdaroğlunun Azərbaycanda birmənalı qarşılanmayan layihəsi ilə bağlı araşdırma təqdim edib.

Həmin araşdırmanı təqdim edirik:

“Xəritəyə baxanda görürsən ki, Türkiyə-Çin birbaşa dəmir yolu əlaqəsi ancaq İrandan keçə bilər.

Yəni Türkiyə-Çin birbaşa dəmir yolu xətti çəkiləcəksə, bunun İrandan keçməsi xaricində bir variant yoxdur. Bəli, Qars-Tbilisi-Bakı dəmir yolu vasitəsilə Gürcüstan və Azərbaycan üzərindən multimodal marşrut var, gələcəkdə Zəngəzur yolu da bu baxımdan alternativ ola bilər. Lakin multimodal layihələri rentabelli etmək asan iş deyil. Doğrudur, dəniz yolu ilə yük daşımaları daha ucuz başa gəlir, amma burada müddət məsələsi var. Dəmir yolu ilə daha az müddətdə yük daşımaq olur. Digər tərəfdən, Xəzərin özünəməxsus özəlliklərini də unutmaq olmaz.

Xəzər dəniz deyil və onun dənizlərlə (dünya okeanı ilə) əlaqəsini təmin edən yeganə yol Rusiyanın Volqa-Don kanalıdır. Bu kanaldan nəhəng quru yük gəmilərinin və nəhəng tankerlərin keçməsi mümkün deyil. Bu tip quru yük gəmiləri və tankerlər nəzəri olaraq Xəzəryanı ölkələrin tərsanələrində inşa oluna bilər, amma nəzəri olaraq… Nəticədə Xəzərdən daha məhdud yük tutumlu gəmilərlə daşımaçlıq həyata keçirilir ki, bu da həm qısa müddətdə böyük miqdarda yüklər daşımağı qeyri-mümkün edir, həm də xərcləri artırır. Xəzərdəki limanların buraxıcılıq imkanları da önəm daşıyan faktordur. Bundan başqa, Xəzərdə suyun çəkilməsi problemi də var ki, əgər bu proses davam edərsə, gələcəkdə buradakı liman infrastrukturları üçün ciddi təhlükə yaradacaq.

Amma ümumilikdə qeyd edim ki, Kılıçdaroğlunun açıqladığı ideya real görünmür. Ən azı ona görə ki, Doğu Türküstan məsələsini gündəmə gətirib, uyğurların hüquqlarının təminatı məsələsini qaldırdığınız anda Çin nəinki sizinlə birlikdə hər hansı layihədə yer almaz, hətta mövcud münasibətlər də pisləşər. Türkiyə Çin kimi qüdrətli dövlətin qarşısında şərt qoyacaq durumda deyil. (Xatırlatmaq yerinə düşər ki, Ərdoğan hökuməti, eləcə də Türk Dövlətləri Təşkilatı adlanan qurum bir dəfə də olsun uyğur məsələsini qaldırmayıb, hətta ötən illərdə Türkiyəyə pənah aparmış təxminən 300 uyğur türkü ölkədən deport edilib.) Kılıçdaroğlunun bu çıxışı ülkücü səsləri cəlb etmək niyyətindən irəli gələ bilər. Digər namizədlərlə müqayisədə ülkücülərdən ən çox səs alan namizəd Kılıçdaroğlu olsa da, hələ ki tərəddüd edən ciddi sayda ülkücü var.

Başqa bir tərəfdən, İranla belə bir layihənin içində olmaq Qərbdə necə qarşılanacaq və Qərb bankları bu layihəyə kredit ayıracaqmı? Bu sual da vacibdir. (Elə burada qeyd edim ki, Qərb hökumətlərinin Kılıçdaroğlunu dəstəklədiyi barədə Azərbaycandakı təsəvvürlər doğru deyil. Qərbdəki bəzi qeyri-hökumət, akademik və media çevrələri Ərdoğanın getməsini arzulaya bilər, o ayrı məsələ. Qaçqın məsələsi ilə bağlı Kılıçdaroğlunun mövqeyi Qərbin Avropa qanadında ciddi narahatlıq doğurur. Digər məsələ də budur ki, hazırkı altıbaşlı müxalif koalisiya Qərb siyasi dairələrində müəyyən skeptisizm yaradır, çünki tək adamla işləmək onlara daha rahatdır, “hə” cavabını da, “yox” cavabını da 1 dəqiqə ərzində Ərdoğandan alıb, işlərinə davam edirlər.)

Sonda bir məqamı da təkrarən qeyd etməyi zəruri sayıram: Azərbaycan rəsmi səviyyədə Türkiyə seçkilərinə açıq, birbaşa müdaxilələr edir, Türkiyənin daxili işlərinə qarışır. Azərbaycanın rəsmi və hökumətə yaxın mediasında (eləcə də bəzi siyasi partiya liderləri tərəfindən) səhərdən axşama kimi Türkiyə müxalifəti əleyhinə təbliğat aparılır, hətta bəzən türk müxalifət liderləri təhqir olunur və aşağılanır. Türkiyə müxalifətçiləri axmaq deyil, bütün bunlardan xəbərləri var. Bəzən deyirlər ki, İlham Əliyev Ərdoğanın qalib gələcəyini bilir və bu səbəbdən rahat davranır. Yaxşı, tutaq ki, Ərdoğan yenə qalib gəldi və hakimiyyətdə qaldı. Axı bu adam bütün insanlar kimi fanidir, bir gün vəfat edəcək. O zaman yenə hakimiyyət dəyişikliyi məsələsi gündəmə gələcək. Türkiyə kimi çox vacib tərəfdaşla, müttəfiq ölkə ilə münasibətləri bir nəfərin üzərindən qurmaq çox yanlışdır, institusional müstəviyə daha çox önəm verilməlidir ki, davamlılıq etibarlı təmin olunsun.

Azərbaycan hökumətləri və siyasi qüvvələri hər zaman Türkiyədəki bütün siyasi partiyalarla normal dialoq qurmalıdır”.

Gununsesi.info