Azərbaycanlı fəalların BMT-dən tələbi var -UKRAYNADA TÖRƏDİLƏNLƏR SOYQRIM KİMİ TANINSIN!

  • By admin
  • 22 Aprel 2022 16:58

Azərbaycanın Demokratiya Naminə Ukraynaya Dəstək Platforması “Rusiyanın Ukraynada törətdiyi kütləvi qətllərin soyqırım kimi tanınması” təşəbbüsü ilə çıxış edib.

Bu barədə Gununsesi.info-nun elektron poçtuna daxil olan xəbərdə deyilir:

Platformanın beynəlxalq ictimaiyyətə müraciətində qeyd edilir ki, Ukraynanın şəhər və kəndlərinin kütləvi bombardmana məruz qoyulması, dinc və günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsi və uşaqlar da daxil olmaqla, işğal olunmuş ərazilərin yerli əhalisinin məcburi şəkildə Rusiyaya aparılması BMT Baş Assambleyası tərəfindən 19 dekabr 1949-cu ildə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə soyqırımdır.

Platforma BMT Baş Assambleyasının növbədənkənar, fövqəladə iclasını çağıraraq, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya uyğun olaraq Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırım kimi tanımağa çağırır.

BMT Baş Assambleyası Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və bütün dövlətlərin parlamentlərinə Rusyanın törətdiyi soyqırımı tanımaq çağrışı ilə müraciət etməlidir.

BMT Baş Assambleyası həmçinin bütün dövlətlərin hökumətlərinə Rusiya ilə ticarət əlaqəsini dayandırmağı tövsiyə etməlidir.

Azərbaycanın Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bir qrup məşhur vətəndaş cəmiyyəti fəalı tərəfindən yaradılıb.

Gununsesi.info