Azərbaycanlı zəvvarlar Həcc ziyarəti üçün yola düşdü

  • By admin
  • 02 Avqust 2019 15:14

Ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var

Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşür. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, avqustun 5-nə qədər 8 təyyarə reysi ilə zəvvarların müqəddəs məkana səfəri həyata keçiriləcək. Gün ərzində iki təyyarə reysinin uçuşu nəzərdə tutulub.

Qeyd olunub ki, 180 nəfərlik ilk qrup avqustun 2-də saat 03.34-də, ikinci qrup isə saat 14.50-də yola düşəcək. Bütün kvota dolub və viza sistemi bağlanıb. Səfər müddətində zəvvarları ümumilikdə 40 bələdçi müşayiət edəcək. Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar ilk olaraq Ciddə şəhərinə yola düşəcəklər. Oradan da 90 km yol qət edib Məkkəyə gedəcəklər. Məkkədə əvvəl Ümrə əməli icra ediləcək və bir neçə gün sonra Həcc başlayacaq. Hicri Qəmər təqvimi ilə Zilhiccə ayının 9-da Ərəfat dağına çıxılacaq, daha sonra qurban kəsiləcək. Zəvvarlar iki gün Minada gecələyib Məkkəyə qayıdacaqlar. Orada digər Həcc əməlləri ediləcək. Məkkədən çıxan zəvvarlar Mədinəyə daşınacaqlar. Azərbaycana geri dönüş avqustun 22-dən başlayacaq. Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları təşkil edir. Avqustun 2-dən 5-nə qədər gediş, avqustun 22-dən 26-na qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.

Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var.

Bu barədə QMİ-dən məlumat verilib. Bildirilib ki, ən yaşlı zəvvar 1939-cu il təvəllüdlü, ən gənc zəvvar isə 2000-ci il təvəllüdlüdür.

Dünyada isə Həcc ziyarətinə gələn ən yaşlı zəvvarın 130 yaşı var. İndoneziyalı 130 yaşlı uzunömürlü Uxi Eydros Samri Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscidin Xadimi, kral Salman ibn Əbdül Əziz Al Saudun qonaqları proqramı çərçivəsində Ciddəyə Həcc ziyarətinə gəlib. SPA dövlət informasiya agentliyi xəbər verir ki, kralın dəvəti ilə gələn Uxi Eydros Samrini Ciddədəki kral Əbdül Əziz adına beynəlxalq hava limanında aeroportun rəhbər şəxsləri qarşılayıblar. 130 yaşlı zəvvar və onun ailə üzvləri ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər, Həcc ziyarətinə gələnlərə yüksək diqqət və qayğı göstərildiyini qeyd ediblər. Həyatında ilk dəfə Məkkəni ziyarət edən 130 yaşlı Uhi  Aydarus Samri sevincini dilə gətirərək, xəyallarının gerçəkləşdiyini deyib.

Qeyd edək ki, Həcc Allahın vacib buyurduğu əməldir və hər il onun icrası üçün milyonlarla müsəlman uca Tanrıdan günahlarının bağışlanmasını diləmək məqsədilə müqəddəs Kəbənin ətrafına toplaşır. Artıq bir neçə gündür dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar Məkkə şəhərindəki müqəddəs yerləri ziyarət etmək üçün Səudiyyə Ərəbistanındadırlar. Həcc ziyarəti hər bir mömin müsəlmanın pulu və canı hesabına yerinə yetirdiyi əməldir. İslam dininə sitayiş edən hər kəsin ömründə heç olmasa bircə dəfə Həccə getməsi vacib buyurulur. Amma bunun üçün bir neçə şərtin yerinə yetirilməsi mütləqdir. Belə ki, ziyarətə gedən müsəlman həddi-buluğa çatmalı, maddi durumu onun səfərə çıxmasına imkan verməlidir. O, səfərdə olarkən ailəsi maddi çətinlik görməməlidir. Bundan başqa, insanın səhhəti qaydasında olmalıdır ki, Həcc əməllərini icra edə bilsin. Böyük Həcc ildə bir dəfə İslam təqvimi ilə Zilhiccə ayının əvvəllərində yerinə yetirilir və daha geniş ibadətlərlə müşayiət olunur ki, onları icra edən müsəlmanlar hacı adı qazanırlar.

Gununsesi.org