Azərbaycanlıların Ərdoğan və Kılıcdaroğlu seçimində istinadları… - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 29 May 2023 10:44

Türkiyə prezidentliyi üçün nəzərdə tutulan ikinci tur başa çatdı. Güclü siyasi rəqabət nəticəsində keçirilən seçkilərdə indiki prezident Rəcəb Tayyib Ərdoğan qalib gəldi.

Türkiyə qədər Azərbaycanın da  siyasi mühitində bu seçkilər  eyni gərginlik, eyni intizarla  müşahidə olunurdu.

Türkiyədəki kimi Azərbaycanda da Ərdoğan və Kılıcdaroğlu tərəfdarları ikiyə bölünmüşdü.
Hər iki tərəfin öz arqumentləri olub.

Onlara ümumi şəkildə nəzər salmaq yerinə düşərdi.

 

ƏRDOĞAN SEVƏNLƏRİN SƏBƏBİ

 

Azərbaycanda Ərdoğanın seçilməsini həyacanla gözləyən tərəfin əsaslandırması qardaş ölkənin 44 Günlük Vətən Savaşında Azərbaycana dəstək olması, bu müharibədə bizi tək  buraxmaması əsas istinad nöqtəsi idi.

Təbii ki, Ərdoğanla Əliyevin həm də şəxsi dostluq münasibətləri də ictimai rəyi Ərdoğan üçün səfərbər etməyə bilməzdi.

Məhz buna görə də Azərbaycanda rəsmi piar Ərdoğan üçün quruldu.

CHP-dən gələn tənqidlərə baxmayaraq, Azərbaycan hökuməti bu seçkidə açıq şəkildə Ərdoğanın yanında oldu, onun üçün çalışdı.

Azərbaycan seçicisi üçün maraqlı deyildi ki, Ərdoğan NATO üzvlüynə kimi yüksələn  Türkiyənin demokratik gələcəyini təhlükəyə aparıb.

Onu dəstəkləyənlər strateji düşünməyən sadə kütlə oldu.

Bu başqa bir mövzunun söhbətidir ki, Ərdoğan hökuməti Qarabağ müharibəsində həm də silah, PUA satışı ilə kifayyət qədər pul qazanıb. Hətta bu gün Qarabağdakı quruculuq işlərində Ərdoğana yaxın şirkətlər əsas icracıdır.

 

KILICDAROĞLU TƏRƏFDARLARININ GENİŞ BAXIŞ BUCAĞI

 

Azərbaycanda Kılıcdaroğlunun prezident olmasını istəyənlər  isə sadə kütlə ilə  müqayisədə daha çox praqmatik düşünən, Türkiyənin həm özü üçün, həm də region üçün güclü olmasını istəyən intelektual kəsim idi.

Kılıcdaroğlunun özünün təşviqat kampaniyasını demokratiyaya sahib çıxmaq siyasəti üzərində qurması təbii ki, Qərb dünyasının ona dəstəyinə gətirib çıxarıb.

Kılıcdaroğlunu dəstəkələyənlər Türkiyəni düşmüş olduğu avtoritarizmdən xilas edəcəyinə ümid bəsləyənlər idi.

Onu dəstəkləyənlər Türkiyənin Azərbaycana baxış bucağına istinad etmədilər.

Birincisi ona görə ki, Türkiyə tarixin bütün dönəmlərində Azərbaycanın yanında olub. Nuru Paşanın komandanlığı ilə Bakını işğalçılardan azad etməsindən üzü bu yana Türkiyədən hər zaman böyük qardaş dəstəyini görmüşük.

Kılıcdaroğlunu dəstəkləyənləri  narahat edən AKP hökumətinin Türkiyənin illərə dayanan güclü məhkəmə sistemində çatlar yaratması, ölkədə azad media mühitini boğması və bir sözlə qardaş ölkənin sürətlə avtoritarizmə sürüklənməsini görənlər idi.

Dünyada demokratiyası ilə öyündümüz bir Türkiyəmiz vardı.

Təəssüflər olsun ki, bunu indi çətinliklə, tərəddüdlə ifadə edə bilirik.

Bircə fakt sadalamaq yerinə düşər ki, Ərdoğana “yox” deyəsən.

Türkiyə Avropa Şurasına üzv olan 46 dövlət arasında Avropa İnsan Hüquqları Məhkəməsində şikayət sayına görə 1-ci yerə qalxıb.

Təbii ki, bunu görən istənilən adam demokratiyaya sahib çıxmağı üzərinə götürəni seçməlidir.

Pərviz Həşimli

Gununsesi.info