“Azərbaycanlıların 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm” - Vudro Vilsonun nəticəsi / FOTOLAR

  • By admin
  • 08 Avqust 2020 22:30

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

Gununsesi.info xəbər verir ki, HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

(Tüstü ilə hazırlanmış əsər)

Gununsesi.info