“Azərpoçt” Avropa Məhkəməsinə gedən işləri “itirir” -VƏKİL DANIŞIR

Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən siyasi xarakterli şikayətlərin “Azərpoçt”da “itməsi” barədə şikayətlər artmaqdadır.

İddialara görə, Azərbaycandan Strasburqa yollanan şikayətlər ünvanına çatmır.

Vəkillərin “Azərpoçt”la uzun mübarizəsindən sonra bu şikayətlər ünvanına yola salınır.

Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərən məşhur vəkillərdən biri Əsabəli Mustafayev Gununsesi.info-ya bu haqda danışıb.

“Bu barədə faktlar çoxdur. Öz təcrübəmdən deyə bilərəm ki, onlarla belə halla rastlaşmışam.

Şikayəti yollayanda online izləmə olur. Baxırsan ki,  hərəkət yoxdu. Artıq bilirik ki, onu götürüblər.

İt-bata salınanlar siyasi məhbuslara aid işlərdi, digər işlərə toxunmurlar, onlar gedir. Mən də neçəsini göndərmişəm gediblər. Bu o deməkdir ki, onlar bütün işləri açıb oxuyur.  Siyasi məhbuslara aid olanları seçirlər, qalanlarını yollayırlar.

Əlbəttə, biz online nəzarətlə hərəkətsizliyi görəndə, biz Azərpoçt MMC-yə yazırıq ki, bəs, hərəkət yoxdur.  Cavab verirlər ki, itib . Günahlarını isə ödəniş qəbzinə verilən pulu qaytarmaqla yumaq istəyirlər.

Ancaq bu həmin ödəniş deyil. Birincisi, ödənişin özü azdı. Çünki, qəbzdə olan qədər xərc çəkilmir, bunun çap etməyi, zəhməti, vaxt itkisi, yenidən hamısını tərtib etməyi var. Bu hal hər dəfə davam edir və  hər dəfə eyni şeyi yazırlar”.

Vəkil deyir ki, bu faktlarla bağlı Avropa Məhkəməsində bilirlər:

Avropa Məhkəməsinə xəbər eləmişik, amma  yaxşılaşmaya doğru  bir şey getmir”. 

Əsabəli Mustafayev deyir ki, özəl poçtlar var , amma baha xidmət göstərir:

“Mənim 50 manata burdan yola saldığım poçt göndərişini onlar  5 dəfə baha təşkil edir”. 

 

Mətləb 

Gununsesi.info