Əksər insanlar elə düşünür ki, az yeməklə artıq çəkidən azad ola bilərlər.
Lakin mütəxəssislər bildirirlər ki, bu yanaşma bəzən arıqlama əvəzinə xoşagəlməz fəsadlara səbəb olur və orqanizmi zəiflədir.
Az qidalanma həmçinin immuniteti aşağı sala, hormon balansını poza və gündəlik fəaliyyət üçün lazım olan enerjini azalda bilər.
Gununsesi.info-ya danışan dietoloq Validə Şıxıyevanın sözlərinə görə, gün ərzində az yemək sağlam qidalanma demək deyil:
“Əsas məqsəd porsiyanı azaltmaq yox, düzgün və balanslı şəkildə qidalanmaqdır. Uzun müddət ac qalmaq metabolizmi zəiflədir və enerji çatışmazlığı yaradır.
Gün ərzində 3 əsas və 2 kiçik ara yeməyi orqanizmi daha stabil saxlayır. Az yemək bəzən axşam saatlarında həddindən artıq çox yeməyə səbəb olur”.
Validə Şıxıyeva insanlara zülal, lif və sağlam yağlarla zəngin yüngül qidalar seçməyi tövsiyə edir:
“Ən önəmli səhər yeməyidir. Səhər yeməyini unutmaq qətiyyən düzgün deyil, çünki bu, gün ərzində iştahanı daha da artıra bilər.
Gün ərzində su içmək isə toxluq hissini gücləndirir və artıq yeməyin qarşısını alır”.
Dietoloqa görə, məqsəd az yemək yox, düzgün porsiya ölçüsü saxlamaqdır.
O əlavə edir ki, sağlam qidalanma həyat tərzi olmalı, tez nəticə üçün kəskin məhdudiyyətlər tətbiq edilməməlidir.
Firuzə












