Azad edilən ərazilərdə “ağıllı şəhərlər” və “ağıllı kəndlər” sisteminin yaradılmasına başlanılıb

  • By admin
  • 25 Fevral 2021 21:08
“Mənə bu yaxınlarda məlumat verilmişdir ki, Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihəsi uğurla davam edir, yaxşı nəticələr əldə olunur, elektrik enerjisinin qənaəti yaxşı səviyyədədir. Bu, çox mühümdür. Çünki bizim ötən dəfə müzakirə etdiyimiz kimi, Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir. Ona görə də xatırladığınız kimi, Bakıda biz əsas diqqəti küçə işıqları olmayan küçələrə yönəltməyi qərara aldıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

“Sumqayıtda, eləcə də Şamaxıda siz layihəni tamamilə üzərinizə götürdünüz. Əminəm ki, belə şəhərlər daha çox olacaq. Çünki biz artıq yaxşı nəticələr görürük. Biz artıq səmərəliliyi görürük. Ötən dəfə müzakirə etdiyimiz kimi, biz bu texnologiyaları yalnız küçələrin işıqlandırılması sektorunda deyil, həm də digər sektorlarda tətbiq edə bilərik – xüsusilə azadlıq müharibəsindən sonra Azərbaycan hər şeyin dağıdıldığı azad edilmiş əraziləri artıq yenidən qurmağa başladığı dövrdə. Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq. Bu səbəbdən mən əməkdaşlığı davam etdirməyi və birinci layihənin ümidvaram ki, çox yaxın zamanda təhvil verilməsini səbirsizliklə gözləyirəm. Bu, əməkdaşlığımızın çox yaxşı göstəricisi olacaq”, – dövlət başçısı vurğulayıb.

Gununsesi.info