Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir.
Gununsesi.info xəbər verir ki, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub.
Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.
Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərdən istifadə olunur. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.
Hazırda minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.