Azad Rəhimovun oğlu “Formula-1”-dən kənarlaşdırıldı

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı – Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb. Yeni dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.

Ölkənin bir sıra mötəbər idman tədbirlərinin təşkilində zəngin təcrübəyə malik olan Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunmaqla bu təcrübəni özü ilə BŞH-yə gətirir. M. Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışmış, 2015-ci ildə keçirilmiş Avropa oyunları və Bakıda keçirilmiş 2017 İslam Həmrəyliyi Oyunlarına, eləcə də, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin təşkilat komitəsində fəal iştirak etməklə bu kimi irimiqyaslı idman tədbirlərinə öz töhfəsini vermişdir. O, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müxtəlif dövlət əhəmiyyətli layihələrində yaxından iştirak etmişdir.

HTML tutorial

“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram.” – deyə Arif Rəhimov söyləyib. Öz növbəsində, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün heyəti Arif Rəhimova gələcək fəaliyyətində uğurlar arzulayır.

Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel, 2023-cü il tarixlərində keçiriləcək. 2016-cı ildəki debütündən etibarən, Formula 1 Azərbaycan Qran Prisi altı il ərzində hər il fərqli qalib olmaqla, bu avtoidmanın ən həyəcanlı və gözlənilməz yarışına çevrilməyi bacarmışdır. Bu ilin iyununda paytaxtımızda uğurla keçirilmiş yarışı 78000 azarkeş izləmiş və yarış hazırkı dünya çempionu Maks Ferstappenin qələbəsi ilə sonlanmışdır.

Gununsesi.info