
Fevralın 9-da Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin, “Azadlıq.info” MMC-nin cinayət işi üzrə vergi yoxlamasına cəlb edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətlərinə baxılıb.
Gununsesi.info Azadlıq.info-ya istinadən xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə qapalı keçirilən məhkəmə iclasında apellyasiya şikayətləri təmin edilməyib.
Bu barədə “Azadlıq” qəzetinin və “Azadlıq.info” MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Səməd Rəhimli məlumat verib. O bildirib ki, Baş Prokurorun birinci müavini Rüstəm Usubovun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəsatəti ilə verdiyi təqdimat əsasında Nəsimi Rayon Məhkəməsi qəzetin və saytın vergi yoxlamasına cəlb olunması barədə 18 noyabr 2016-cı il tarixdə qərar qəbul edib.
S.Rəhimli apellyasiya şikayətlərinin məzmunundan da danışıb: “Şikayətlərin məzmunu ondan ibarətdir ki, Faiq Əmirlinin “Azadlıq” qəzetinin, “Azadlıq.info” MMC-nin əməkdaşı olmasına baxmayaraq, onun barəsində Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə başlanmış cinayət işində nəzərdə tutulmuş cinayət əməlləri vergi hüquq pozulmaları ilə bağlı deyil. “Azadlıq” qəzeti və “Azadlıq.info” MMC-də aparılmış vergi yoxlamasının hazırki cinayət işinə heç bir aidiyyatı yoxdur. Bizim əsaslandırmamızın birinci mövqeyi bundan ibarət idi.
Həmin iki maddə ilə başlannmış cinayət işi üzrə istintaq orqanı əsaslandırmayıb ki, nəyə görə həmin cinayətlərin araşdırılması üçün vergi yoxlamasının aparılması vacibdir. Bu əsaslandırılmadığı üçün və Nəsimi Rayon Məhkəməsi də əsaslandırılmamış vəsatəti təmin etməməli olduğu üçün, eləcə də bu iki cinayət əməlinin vergi hüquq pozuntularına aidiyyatı olmadığı üçün yoxlamanın aparılmasına zərurət olmadığı apellyasiya şikayətlərində göstərilib”.
S.Rəhimli Nəsimi Rayon Məhkəməsinin qərarında və prokurorluğun vəsatətində “Azadlıq” qəzeti və “Azadlıq.info” MMC-də aparılmış vergi yoxlamalarının 2010-2016-cı illəri əhatə etdiyini deyərək, bunun qanunsuz olduğunu bildirib: “Hətta məhkəmə qərarı əsasında vergi yoxlaması olsa belə, vergi qanunvericiliyinə görə, vergi nəzarət orqanı vergi subyektinin son 3 il fəaliyyəti üzrə vergi yoxlaması apara bilər, yəni son 3 illə məhdudlaşmalıdır. Lakin Nəsimi Rayon Məhkəməsinin qərarı ilə vergi yoxlaması 2010-cu ildən 2016-cı ilədək dövrü, yəni 6 ili əhatə edir. Əgər bu qərarla vergi orqanına yoxlama imkanı verilsə, onun səyyar vergi yoxlaması üzrə müddətə dair səlahiyyətləri aşılmış olacaq.
Ona görə də bu iki əsas – F.Əmirliyə verilmiş ittihamların vergi hüquq pozuntusu ilə əlaqəli olmaması və vergi orqanına verilmiş yoxlama səlahiyyətinin qanuni müddətləri aşmasına görə hesab edirik ki, vəsatət əsassız olduğu üçün təmin olunmamalı və vergi yoxlamasına dair qərar ləğv edilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərini təmin etmədi”
S.Rəhimli onu da bildirib ki, Apellyasiya Məhkəməsinin hansı əsasla apellyasiya şikayətlərini təmin etməməsi məhkəmə qərarını aldıqdan sonra bəlli olacaq.
Hüquqşünas bundan sonra işin vergi yoxlamasına dair vergi orqanının qərarlarından “Azadlıq” qəzeti və “Azadlıq.info” MMC tərəfindən verilmiş iddia ərizəsi üzrə inzibati-iqtisadi məhkəməsində davam etdiriləcəyini deyib.