AZAL Bakıdan xaricə uçuş həyata keçirən xarici aviaşirkətlərin adını açıqladı - ÖZƏL

  • By Admin2
  • 04 İyun 2026 16:35

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayevin KİV-ə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Gununsesi.info – nun xəbərinə görə, AZAL rəhbəri Heydər Əliyev Beynəlxalq Aeroportunda digər 40 aviaşirkətin müxtəlif istiqamətlər üzrə uçuşlar həyata keçirdiyini demişdi:

“Bunların 15-i aşağı büdcəli aviaşirkətlərdir”, – deyə müsahibədə bildirilirdi. 

Ancaq sosial şəbəkə istifadəçiləri Samir Rzayevin bu açıqlamasını səmimi hesab etməmişdilər.

Onlar AZAL rəhbərinin həmin aviaşirkətlərin adlarını açıqlamamasını tənqid ediblər.

Gununsesi.info-nun sorğusuna cavab olaraq isə AZAL məsələyə aydınlıq gətirib.

Belə ki, məlumata görə, müsahibədə qeyd olunan “40-a yaxın aviaşirkət” ifadəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda müntəzəm, mövsümi, çarter, yük və biznes aviasiyası üzrə əməliyyatlar həyata keçirən aviaşirkətlərin ümumi sayına istinad edir.

Həmçinin qeyd edilib ki, aviaşirkətlərin sayı və marşrut şəbəkəsi mövsümi dəyişikliklərə, habelə daşıyıcıların uçuş proqramlarına uyğun olaraq mütəmadi yeniləndiyindən, bu göstəricilər dövr ərzində dəyişə bilər.

Açıqlamada o cümlədən deyilib:

“Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə “Turkish Airlines”, “AJet”, “Pegasus Airlines”, “Lufthansa”, “LOT Polish Airlines”, “FlyOne Asia”, “Air Astana”, “Uzbekistan Airways”, “Air Serbia”, “Airblue”, “Flydubai”, “Wizz Air, “Aeroflot”, “Utair” və digər beynəlxalq aviaşirkətlər uçuşlar həyata keçirirlər”.

Elmar

Gununsesi.info