AZAL-ın monopoliyasına az qalıb - ZAUR ƏKBƏR

  • By admin
  • 10 Fevral 2021 16:55

“Rəsmi Bakının Strateji Tərəfdaşlıq Sazişinin imzalanması prosesini gecikdirməsi üçün heç bir əsas qalmır. Azərbaycan hökumətinin maksimum dərəcədə yararlanması üçün sammitin 9 ay təxirə salınması kifayət qədər böyük zamandır”.

Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Zaur Əkbər deyib

Avropa İttifaqının bu ilin fevralına nəzərdə tutulan növbəti Şərq Tərəfdaşlığı Sammitinin keçirilməsi payıza təxirə salınıb.

Bunun səbəbi isə dünya ölkələrində yaya qədər vaksinasiya prosesinin başa çatması ilə sammitin ənənəvi qaydada keçirilməsinin planlaşdırılmasıdır.

Zaur Əkbərin sözlərinə görə, Avropa İttifaqı ilə razılaşdırılması gərəkən 4 bənd var: “Strateji Tərəfdaşlıq sazişi üzrə imzalanacaq bəndlərdən birincisi siyasi azadlıqlarla bağlıdır. Bununla bağlı Azərbaycanla Avropa İttifaqı arasında razılaşma əldə olunub. İkinci məsələ Azərbaycanın Dünya Ticarət Təşkilatının üzvlüyünə qəbul edilməsidir. Digər məsələ Azərbaycanın öz aviasiya sahəsini Avropa standartları və gömrük rüsumları çərçivəsində bölüşdürməsidir ki, buna Gürcüstan və Ermənistan artıq qoşulub. Bu razılaşma əldə olunduğu təqdirdə hazırda ölkədə AZAL-ın monopoliyası sona çatacaq. Sazişin imzalanması ilə vətəndaşlarımız daha ucuz hava yolları şirkətləri vasitəsilə 30-40 avroya Avropanın istənilən ölkəsinə gedə biləcəklər. Dördüncü isə ticari məsələdir”.

Ekspertin sözlərinə görə, Azərbaycan hökumətinin sazişi payızda imzalanması prosesinin gecikdirməsi üçün heç bir əsas yoxdur: “Qeyd etdiyim kimi, məndə olan informasiyalara görə, birinci bəndllə bağlı razılaşma əldə olunub, amma digər 3 bəndlə əlaqədar ortada heç nə yoxdur. Hətta Azərbaycan hakimiyyəti Avropa İttifaqından Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı 10 il möhlət istəyib. Hələ ki danışıqlar gedir və sammitin təxirə salınması Azərbaycan hakimiyyəti üçün böyük imkandır. O zamana qədər Azərbaycanın əlində çatışmayan məqamları Avropa İttifaqı ilə razılaşdırmaq və bu ilin payızında sazişi imzalamaq şansı var”.

Z. Əkbər bildirir ki, Strateji Tərəfdaşlıq sazişinin imzalanması Azərbaycanın həm maraqlarının, həm də suverenliyinin xeyrinə olan bir məsələdir: “Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri içərisində Belarusla birlikdə yeganə ölkədir ki, bununla bağlı hər hansısa bir addım atmayıb. Hətta Ermənistan bundan 3 il öncə hərtərəfli saziş imzalayıb”.

Gununsesi.info