AZAL-ın soyğunçuluğu bütün hədləri aşıb - Pərviz Həşimli yazır

  • By admin
  • 03 May 2021 18:37

Rəşad Nəbiyev vətəndaşlara təyyarə menyusu təklif edən şirkətin özbaşınalıqlarını niyə görmür?

Bu günlərdə AZAL Dövlət Konserni hər kəsi təəccübləndirən xidmət təklif edib. Bu, aviaşirkətin daha ucuz, endirimli biletlər satması və ya sərnişinlərin rahatlığı üçün rahat şəraitin yaradılması ilə bağlı deyil…

AZAL vətəndaşlara evlərdə, ofislərdə əyləşib təyyarə menyusu ilə qidalanmağı təklif edir. Elanda bildirilir ki, aviaşirkətin tərəfdaşı olan “ASK-Skay Catering” şirkətinin ləziz təamlarını sifariş etmək mümkündür.
Cəmiyyətin Dövlət Konserindən heç bir məntiqə, iqtisadi reallığa əsaslanmayan fantastik qiymət siyasətini dəyişməsini gözlədiyi halda, AZAL vətəndaşlara göyərtə menyusu təklif edir. Bu, yumşaq desək, insanları ələ salmağa bənzəyir.
Hazırda dövlət aviaşirkəti Rusiya və MDB ölkələri üzrə biletləri az qala iki dəfə bahalaşıb. Pandemiya dövründə 800-1000 manat olan aviabiletlər hazırda 1500-2000 manata təklif olunur. Sərnişinərin Rusiya və s. ölkələrin təyyarələrindən istifadə etməsinə isə süni əngəllər yaradılır. Bu da vətəndaşlara olduqca ciddi problemlər yaradıb, şikayətlərə isə əhəmiyyət verilmir.
Qeyd edək ki, pandemiya dövründə dövlətdən ən böyük dəstək alan şirkətlərə AZAL başçılıq edir. Şirkətə azı 100 milyon manat vəsait verilsə də sosial vəziyyəti ağırlaşmış insanlara qarşı soyğunçuluğundan əl çəkməyib.
Onu da xatırladaq ki, AZAL Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Bu məqsədlə 30 mart 2021-ci ildə AZAL QSC-nın Müşahidə Şurasını yaradılıb. Şuraya Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev sədr təyin edilib.

Maraqlıdır, bu Şura AZAL-ın özbaşınalıqlarını niyə görməzdən gəlir?

Pərviz Həşimli
Gununsesi.info