Azay Quliyev Astanada beynəlxalq konfransda çıxış edəcək

  • By admin
  • 27 Avqust 2016 10:06
azayyy
Azərbaycanlı parlamentarilər Astanada beynəlxalq konfransa qatılacaqlar.
Bu barədə Gununsesi.info-ya Milli Məclisdən məlumat verilib.
Belə ki, Milli Məclisinin deputatları Səməd Seyidov və Azay Quliyev avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar. Səfərdə məqsəd ölkənin paytaxtı Astana şəhərində keçiriləcək “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda iştirak etməkdir. 
Səməd Seyidov tədbirdə Azərbaycan Respublikası Milli Məclisini komitə sədri qismində, Azay Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edəcəklər. Konfrans çərçivəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S. Seyidov “Nüvə silahları və ya müharibə olmadan təhlükəsizlik” mövzusunda paneldə çıxış edəcək.
Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti A.Quliyev konfransın plenar iclasında ATƏT PA-nın adından çıxış edəcək və konfransın mövzusu ilə əlaqədar təşkilatın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdıracaq.
Qazaxıstan səfəri zamanı S. Seyidovun Qazaxıstan Senatının xarici əlaqələr komitəsinin sədri cənab İkram Adirbekov və Rusiyanın Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri cənab Konstantin Kosaçev ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan ilə Qazaxıstan və Azərbaycan ilə Rusiya arasında parlamentlər səviyyəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq imkanları və perspektivləri müzakirə ediləcəkdir.
Səfər çərçivəsində A. Quliyevin bir sıra ikitərəfli görüşləri, o cümlədən Qazaxıstan Senatının Sədri cənab Kasım-Jomart Tokayev ilə görüşü nəzərdə tutulmuşdur. A. Quliyevin Qazaxıstan Senatının Sədri ilə görüşü zamanı ilk növbədə bu ölkə ilə ATƏT PA arasında mövcud münasibətlərin durumu və gələcək perspektivləri müzakirə ediləcəkdir. 
Görüş çərçivəsində həmçinin Azərbaycan ilə Qazaxıstan parlamentlərarası ikitərəfli münasibətlər, o cümlədən ATƏT PA çərçivəsində Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında tərəfdaşlıq, bu tərəfdaşlığın daha da gücləndirilməsi və əlaqələrin daha sıx koordinasiya edilməsi məsələləri müzakirə ediləcəkdir.
Gununsesi.info